550 Royal Bank əmanətçisinə kompensasiya ödənilib
07 Avqust 2012 Çərşənbə Axşamı 12:18
Ümumilikdə, cəmi 6 milyon 727 min 186 manat kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) avqustun 1-dən “Royal Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. ƏSF-dən AzərTAc-a bildiriblər ki, seçilmiş üç agent bank tərəfindən artıq 550 əmanətçiyə əmanəti üzrə kompensasiya ödənilib. Bu əmanətçilərdən 181 nəfəri “Muğanbank” ASC, 128 nəfəri “AG Bank” ASC və 111 nəfəri “Bank Respublika” ASC tərəfindən xidmət göstərilib.
Ümumilikdə, cəmi 6 milyon 727 min 186 manat kompensasiya ödənilib. Bunun 5 milyon 166 min 668-i manat, 1 milyon 536 min 908-i (AZN ekvivalentində) ABŞ dolları və 23 min 610-u (AZN ekvivalentində) avrodur.
ABŞ dolları və avronun məzənnəsi Mərkəzi Bankın sığorta hadisəsi baş verdiyi günə olan valyuta məzənnəsi ilə götürülür. Həmin günə ABŞ dollarının məzənnəsi 0.7855 qəpik və avro 0.9616 qəpikdir.
Müraciət edən əmanətçilərin arasında 248 əmanətçi problemli müştəri kimi qeydə alınmışdır və həmin əmanətçilərin bir qisminin problemləri araşdırılaraq öz həllini tapmışdır.
DOSTLARINLA PAYLAŞ: