48 sahibkara 2,9 milyon manat ayrılıb
19 Aprel 2013 Cümə 22:52
Bu kreditlər hesabına 130-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsində keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş İmişli rayonunun Qaragüvənli kəndində "Araz Damazlıq" MMC-nin quşçuluq fabrikinin fəaliyyətinə və tikintisinə yeni başlanılmış korpusda aparılan işlərə baxış keçirilib.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şirvan şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan kiçik və orta həcmli istixana və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 923 investisiya layihəsinin maliyyələşdirilməsinə 97,8 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 3200-ə yaxın yeni iş yerinin yaradılacağını qeyd edib. Bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5470-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 275,9 milyon manat güzəştli kreditlər verilib. Tədbirdə həmçinin, Şirvan şəhərinin sənaye potensialının reallaşdırılması ilə bağlı müzakirələr aparılmış və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şirvan şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 2,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 130-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ayrılmış kreditlər kənd təsərrüfatı sahəsində sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
DOSTLARINLA PAYLAŞ: