36 bank rentabelli işləyib
03 Dekabr 2009 Cümə Axşamı 18:10
36 bank rentabelli işləyib. Onların ümumi xalis mənfəəti 244,45 milyon manat olub.
Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirləri bu ilin yanvar-oktyabr aylarında 1067,28 milyon manat olub. Bu, ötən ilin müvafiq dövründən 21,4 milyon manat və ya 2 faiz çoxdur.
Hesabat dövründə bankların xərcləri 9,7 faiz artaraq 704,85 milyon manata çatıb. Aktivlər üzrə ehtiyat ayırmalar 39,9 faiz azalaraq 82,06 milyon manat (aktivlər 10,9 faiz artıb) təşkil edib.
Azərbaycan Milli Bankından verilən məlumata görə, bank gəlirlərinin strukturunda əsas hissə faiz gəlirlərinin - 80,8 faiz, xərclərdə faiz ödəmələrinin (53,7 faiz) payına düşüb.
Vergi ödənilənə qədər bankların mənfəəti hesabat dövründə 262,94 milyon manat olub. Bu, 2008-ci ilin yanvar-oktyabr göstəricisindən 24,72 milyon manat və ya 10,4 faiz çoxdur. Bank sisteminin ümumi mənfəəti 232,98 milyon manat (+17,8 faiz) olub.
Bu ilin 10 ayının yekununa görə, 36 bank rentabelli işləyib. Onların ümumi xalis mənfəəti 244,45 milyon manat olub. 10 ziyanla işləyən bankın itkisi 11,47 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mənfəətli bankların sayı 1 vahid azalıb, ziyanla işləyən bankların sayı 2 vahid artıb. Onların ümumi itkisi isə 25,3 faiz azalıb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: