2012-ci ildə orta aylıq nominal əmək haqqı 432 manat proqnozlaşdırılır
22 Noyabr 2011 Çərşənbə Axşamı 14:09
Bu barədə parlamentin spikeri Oqtay Əsədov bəyan edib.
Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsi sosial və investisiya yönümlüdür. Bu barədə parlamentin spikeri Oqtay Əsədov bu gün gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı bəyan edib.

“2012-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin ediləcək. ÜDM artımı 5,7% təşkil edəcək. Bununla yanaşı, qeyri-neft sektoru ÜDM-nin 57%-ni təmin edəcək”, - deyə O.Əsədov bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə iqtisadiyyata investisiya qoyuluşlarının ümumi həcmi təxminən 14 mlrd. manat təşkil edəcək ki, bu da 2011-ci ilin göstəricisindən 10% çox olacaq. Bütovlükdə, gələn il investisiyaların 70%-dən çoxu daxili investisiyaların payına düşəcək.

O.Əsədov vurğulayıb ki, 2012-ci ildə orta aylıq nominal əmək haqqı 432 manat məbləğində proqnozlaşdırılır və 2011-ci ilin göstəricisindən 11,6% çox olacaq.

Spiker əlavə edib ki, 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 436,4 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2011-ci ilin proqnozundan 5,7% çoxdur. Gələn il neft sektoru dövlət büdcəsinin gəlirlərinin 73%-ni, qeyri-neft sektoru isə 27%-ni təmin edəcək.

2012-ci ildə dövlət büdcəsinin xərcləri 16 mlrd. 984,4 mln. manat təşkil edəcək və 2011-ci illə müqayisədə 6,5% artacaq.

“2012-ci ilin dövlət büdcəsi həm sosial, həm də investisiya yönümlüdür. Gələn il sosial xərclər 4,7 mlrd. manat və ya bütün büdcə xərcinin 28%-ni təşkil edəcək və 10% artacaq. Dövlət büdcəsinin əsaslı xərcləri 7,8 mlrd. manat və ya bütün xərclərin 46%-ni təşkil edəcək”, - deyə O.Əsədov qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar