Azərbaycan çempionu “Sabah” oktyabrın 13-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Çexiyanın “Slaviya” klubunu Bakı Olimpiya Stadionunda qəbul edəcək. Oyun ərəfəsində, oktyabrın 12-də hər iki komandanın baş məşqçiləri və futbolçuları mətbuat konfransı keçirərək görüşlə bağlı gözləntilərini açıqlayıblar.
Bakı vaxtı ilə saat 20:45-də başlayacaq qarşılaşma “bayquşlar”ın Çempionlar Liqasının əsas mərhələsində doğma meydanda keçirəcəyi ilk oyundur. Komanda turnirin ilk turunda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmuşdu. Mətbuat konfransları və son məşqlər Bakı Olimpiya Stadionunda təşkil olunub.
Dambrauskas: “Bizim də özümüzü sübut etmək şansımız var”
“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırarkən rəqibi yüksək qiymətləndirib. Onun sözlərinə görə, “Slaviya” fiziki baxımdan çox hazırlıqlı, daim pressinqə üstünlük verən və qısa ötürmələrlə hücumameyilli futbol oynayan komandadır.
“Bu səviyyəli komandalar rəqibi cəzalandırmağa hazır olurlar. Öz gücümüzə inanıram. Ümidvaram ki, onların zəif nöqtələrini tapıb bundan istifadə edəcəyik. Əsas məsələ mental baxımdan hazır olmaqdır”, – deyə Dambrauskas bildirib.
Çex klubunun uzun müddətdir səfərdə qalib gələ bilməməsi barədə suala cavab verən mütəxəssis etiraf edib ki, “Slaviya” üçün Bakı klubu asan rəqib kimi görünə bilər: “Biz nəyə qadir olduğumuzu bilirik. Bizim də özümüzü sübut etmək şansımız var. Bu vaxta qədər möcüzə yaratmışıq”. Baş məşqçi 90 dəqiqə ərzində çox şeyin baş verə biləcəyini, onun əsas işinin isə komandanı oyuna kökləmək olduğunu vurğulayıb. Türkiyə mediasının sualını cavablandıran Dambrauskas Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu, türk futbolunu və azarkeşlərini həmişə nümunə götürdüklərini deyib.
Daşdəmirov tribunaların dolacağına ümid edir
Mətbuat konfransında iştirak edən müdafiəçi Rəhman Daşdəmirov komandanın oyuna yaxşı hazırlaşdığını bildirib. O, milli komandada qazanılan qələbədən sonra psixoloji yorğunluq hiss etmədiyini deyib.
“İlk ev matçımıza çıxacağıq. Ümid edirəm ki, stadion dolacaq, azarkeşlərimiz gələcək. Yaxşı nəticə qazanaraq xalqımızı sevindirməyə çalışacağıq”, – deyə futbolçu qeyd edib. Daşdəmirovun fikrincə, Bakı Olimpiya Stadionunun ot örtüyü çox yaxşı vəziyyətdədir, böyük arena isə azarkeş dəstəyi baxımından komanda üçün daha əlverişlidir.
Trpişovski “Sabah”ı “Barselona” ilə müqayisə etdi
“Slaviya”nın baş məşqçisi Yindrix Trpişovski Bakı klubunun oyun tərzini yüksək dəyərləndirib. O bildirib ki, oyun üslubuna görə “Sabah”ı “Barselona” ilə müqayisə edərdi. Çex mütəxəssisin sözlərinə görə, rəqib 4-3-3 sxemi ilə oynayır, topa nəzarətə və ardıcıl hücumlara üstünlük verir, “Mançester Yunayted”lə görüşdə də bir neçə qol şansı əldə edib.
Trpişovski Bakıya ikinci dəfə gəldiyini xatırladıb: təxminən 10 il əvvəl o, “Slovan” klubunun baş məşqçisi kimi Avropa Liqasında “Qarabağ”la qarşılaşıb. Mütəxəssis şəhərdə böyük dəyişikliklər gördüyünü deyib. Zədəli futbolçularla bağlı sualı cavablandıran məşqçi bəzi oyunçuların problemləri olduğunu, lakin çatışmazlıqları aradan qaldırdıqlarını bildirib.
Vlçek: “Bakıdan qələbə ilə qayıtmaq istəyirik”
Çex klubunun müdafiəçisi Tomaş Vlçek təzyiqin komandaya mane olmadığını deyib. Onun sözlərinə görə, “Lans”la Çempionlar Liqası oyunundan sonra komanda yaxşı nəticələr göstərir. Vlçek “Sabah”ı çox güclü və səviyyəli rəqib adlandırıb, Bakı klubunun təsnifat mərhələlərində gözəl oyun nümayiş etdirdiyini xatırladıb.
Oyun günü: nəqliyyat məhdudiyyəti və U-19 qarşılaşması
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bu səbəbdən 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli 18 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Avtobuslar Sabunçu yol qovşağı istiqamətində Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə, “Koroğlu” stansiyası istiqamətində isə Heydər Əliyev prospekti ilə hərəkət edəcək.
Həmin gün klubların gənc komandaları da qarşılaşacaq. UEFA Gənclər Liqasının liqa mərhələsindəki “Sabah” – “Slaviya” oyunu saat 15:00-da “Bank Respublika Arena”da başlayacaq. AFFA-nın məlumatına görə, Norveçdən olan hakimlər briqadasının işini beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev qiymətləndirəcək.
Mənbə: APA Sport




Şərhlər