Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) oktyabrın 12-də uşaq, yeniyetmə, gənclər, qadın futbolu və futzal üzrə yarışlar haqqında məlumatları vahid mərkəzdə birləşdirən match.affa.az saytını və @affa.istedadlar sosial media layihəsini ictimaiyyətə təqdim edib. Təqdimat mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov və AFFA-nın Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov çıxış ediblər.
AFFA-nın mətbuat xidmətinin məlumatına görə, platformanın əsas məqsədi aşağı yaş qrupları üzrə yarışlar barədə məlumatların əlçatanlığını artırmaq və futbol ictimaiyyətinin bu yarışlara marağını genişləndirməkdir. Tədbirdə AFFA rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər, layihələrin məqsəd və fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub.
Saytda nələr olacaq
Yeni saytda AFFA Gənclər Liqası, U-17, U-16, U-15 və digər aşağı yaş qrupları üzrə liqaların təqvimi və nəticələri, turnir cədvəlləri, futbolçuların statistik göstəriciləri, komandaların heyətləri və matçlarda baş verən əsas hadisələr əks olunacaq. İstifadəçilər klubların səhifələri, futbolçu profilləri və həftənin rəmzi komandaları ilə də tanış ola biləcəklər. Bundan əlavə, platformada gənclər futbolu, yarışlar və inkişaf istiqamətləri barədə məqalələr yayımlanacaq.
AFFA hesab edir ki, yeni resurs aşağı yaş qrupları üzrə yarışların daha geniş auditoriyaya çatdırılmasına, gənc futbolçuların göstəricilərinin izlənilməsinə və yerli futbol haqqında məlumatların vahid mənbədən əldə olunmasına imkan yaradacaq.
Fərəcullayev: U-15 dünya çempionatı üçün 10 meydança
Tədbirin əvvəlində çıxış edən Cahangir Fərəcullayev uşaq futbolunun inkişafının AFFA üçün hər zaman əsas prioritet olduğunu vurğulayıb. Baş katib Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında dünya çempionatı üçün 10 meydançanın istifadəyə veriləcəyini bildirib.
“U-15 dünya çempionatı çərçivəsində inşa edilən yeni yarış və məşq mərkəzi gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcək. Hazırda mərkəzdə son quruculuq işləri görülür. Arena ən müasir standartlara uyğun şəkildə inşa edilir. Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar”, – deyə Fərəcullayev qeyd edib.
Xatırladaq ki, AFFA bu yaxınlarda Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 üçün media akkreditasiyasına start verib.
“Formal rəqəmləri deyil, meydandakı real futbolçuları izləmək istəyirik”
Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov keçmişdə sənədlərdə 200 min nəfərə yaxın uşağın futbolçu kimi qeydiyyata alınması hallarının olduğunu xatırladıb. “Əsas məqsədimiz və istəyimiz odur ki, yaxın illərdə rəsmi siyahılarda formal göstəriciləri deyil, məhz meydandakı real futbolçuları və onların nəticələrini izləyə bilək”, – deyə o bildirib.
Sərxan Hüseynov isə layihələrin hazırlanmasında heç bir xarici şirkətin xidmətindən istifadə olunmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, təşəbbüslərin əsas əhəmiyyəti akademiyalarla federasiya arasında əməkdaşlığı gücləndirməkdir: “Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər”.
Mərasimin sonunda Fərəcullayev rəmzi heyətlərə düşən “Neftçi”nin U-19 komandasının futbolçusu Xəzər Nağızadəyə və “Kəpəz”in U-17 komandasından Ömər Məmmədova hədiyyələr təqdim edib.
“D” kateqoriyalı məşqçi kurslarına qeydiyyat başlayıb
AFFA həmin gün daha bir təşəbbüsü elan edib. UEFA-nın “Hattrick” proqramı çərçivəsində AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 20-dən 22-dək Bayıl stadionunda “D” kateqoriyalı məşqçi kursları keçiriləcək. Təlimlər AFFA-nın təlimatçıları tərəfindən nəzəri və praktiki hissələr üzrə aparılacaq.
Kursda iştirak ödənişsizdir. 16 yaşına çatmış şəxslər oktyabrın 14-dək AFFA-nın saytındakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. İştirak hüququ qazananlarla oktyabrın 15-dən etibarən əlaqə saxlanılacaq.
Mənbə: AFFA, Sportinfo.az




Şərhlər