Sel qiymətləri qaldırıb?
24 May 2010 Bazar Ertəsi 10:45
Son bir ayda ölkənin tikinti malları bazarında ciddi bahalaşma qeydə alınıb.
Son bir ayda ölkənin tikinti malları bazarında ciddi bahalaşma qeydə alınıb. Bahalaşma özünü daha çox dəmir məmulatlarında və idxal mallarında göstərib. Bəziləri qiymət artımını ölkədə baş verən təbii fəlakətlə əlaqələndirsə də, ekspertlər belə düşünmürlər.

Daşınmaz Əmlak İştirakçıları İctimai Birliyinin nümayəndəsi Ramin Osmanov hesab edir ki, daşqınlar qiymətlərə təsir etmir. Çünki, fəlakət zonalarında daşqınlar tam aradan qalxmadığından hesablamalar aparılmayıb. Bu səbəbdən də tikinti materiallarının qiymətinin artması mümkünsüzdür.

Onun sözlərinə görə, ötən aydan başlayaraq armatur və dəmir əşyalarının qiymətində kəskin artım müşahidə olunub: “Armaturun qiymətinin artımına səbəb İranda buna tələbatın artmasıdır. Azərbaycanda istehsal olunan armaturun intensiv şəkildə İrana ixrac olunması yaxın 5 ildə ölkəmizdə xammala ehtiyacı artıracaq. Qiymət artımının digər səbəbi isə mövsümi amillərlə bağlıdır”.

R. Osmanov deyir ki, mövsümlə bağlı tikinti sahəsində ciddi canlama müşahidə olunub: “Ona görə tikinti materiallarının qiyməti qalxır. Bundan başqa, yeni tikililərdə də canlama müşahidə olunur. Mart ayından başlayaraq istifadəyə verilən yeni binaların sayı 15-ə çatıb”.

Qeyd edək ki, bu gün tikinti bazarındakı qiymət artımı daha çox taxtada və təmirdə müşahidə olunub. Bunu satıcılarla da araşdırdıq. Satıcıların sözlərinə görə, bir ay bundan əvvəllə müqayisədə taxtanın qiyməti 5 manat qalxıb. Əvvəl qiymət 205 manat idisə, indi taxtanın bir kubu 210 manatdır.

Qeyd edək ki, armatur və digər dəmir məmulatlarının qiymətinə gəldikdə isə bu 650-800 arasındadır. Satıcılardan öyrəndik ki, bir ay bundan əvvəl dəmirin bir tonu 450 manat idi. Bundan başqa daşın, qumun, şiferin, şüşənin qiyməti stabil qalıb. Bununla yanaşı, sementin qiymətində ucuzlaşma müşahidə olunub. Satıcıların sözlərinə görə, sement yerli istehsal olduğu üçün qiymətlər 6 manat 50 qəpikdən, 5 manat 70 qəpiyə düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar