Bakıda manat alanlar çoxalıb
23 Fevral 2015 Bazar Ertəsi 22:16
Manatın dəyərində dəyişiklik gözləndiyi bir vaxtda, milli valyutanın rəsmi məzənnəsi gün ərzində sabitliyini qoruyub saxladı.
Şənbə günündən manatın uzun müddət dəyişməyən dəyərinin birdən-birə aşağı düşməsi ölkənin valyuta bazarında müşahidə olunan vəziyyətdir. Çoxlarının yeni həftədən manatın dəyərində dəyişiklik gözlədiyi bir vaxtda, milli valyutanın rəsmi məzənnəsi gün ərzində sabitliyini qoruyub saxladı.

ANS TV-nin məlumatına görə, manatın dollara nisbətdə məzənnəsi 1,05 qəpik müəyyən ediləndən sonra Bakıda bu gün bəzi mübadilə məntəqələrində manat qıtlığı yaranmışdı. Xarici valyutanı, konkret olaraq dolları manata çevirmək istəyənlərin sayı xeyli artmışdı. Valyuta dəyişmə məntəqələrindən bildirildi ki, üç gün əvvələ qədər manatı dollara çevirən vətəndaşlar məzənnənin qalxmasından sonra, indi də əks əməliyyat yerinə yetirməyə çalışırlar.

Valyutadəyişmə məntəqəsinin işçisi Aqil İbrahimovun sözlərinə görə, bu gün bank valyutadəyişmə məntəqəsinə 100 min manat məbləğində pul verib: “Bizim limitimiz 100 min manatdır. Üç nəfər gəldi, 100 min manatı dollarla dəyişib getdi”.

Alıcılar da kiçik məbləğli xarici əskinasları da dəyişə bilmədiklərini deyirlər. Bəzi vətəndaşlar bankların özündə də valyutanı çevirə bilməyiblər.

Paytaxtda apardığımız müşahidə zamanı o da məlum oldu ki, bəzi mübadilə məntəqələri bilərəkdən dollar alış-satışını dayandırmışdı. Bir neçə valyuta dəyişmə məntəqəsi isə bu gün fəaliyyət göstərməyib. Bəzi mübadilə məntəqələri isə dollar, eləcə də avronun satış zamanı, Mərkəzi Bankın marja ilə bağlı tələbnaməsini pozmuşdu. Paytaxtın bəzi yerlərində vətəndaşlardan 1 dollar 0,85 - 0,90 qəpiyə alınsa da, onun satış qiymətində 25-30 qəpiklik fərq olub ki, bu da qanunun pozulmasıdır.

Yeri gəlmişkən Mərkəzi Bank marja ilə bağlı tələbləri pozan banklara xəbərdarlıq edib. Bu arada kütləvi informasiya vasitələrində Milli Bankın kommerisiya banklarına müraciəti yayılıb. Mərkəzi Bankın sədr müavinin imzası ilə yayılan məktubda deyilir ki, Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni üç gün ərzində, yəni fevralın 23-ə kimi qüvvədə olacaq. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar