Tikinti materialları ucuzlaşıb
14 Aprel 2009 Çərşənbə Axşamı 14:23
Dünyada baş verən maliyyə böhranı tikinti materiallarının qiymətlərindəki ucuzlaşmanı dərinləşdirib

 

Ucuzlaşma tikinti materialları bazarından da yan keçməyib. «Əmlak bazarı İştirakçıları» İctimai Birliyi mart ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 85 çeşiddə tikinti materiallarının qiymətini izləyib. Araşdırılan məhsullar üzrə respublikada istehsal olunan malların ümumi istehsalda həcmi 51,8 faiz təşkil edib.

Dünyada baş verən maliyyə böhranı tikinti materiallarının qiymətlərindəki ucuzlaşmanı davam etdirib. Belə ki, böhranın qarşısının alınması istiqamətindəki təşəbbüslərin nəticə verməməsi idxal məhsullarının qiymətlərinin sürətlə aşağı enməsi tendensiyasını davam etdirir.

Metal və metal məmulatlarının, eyni zamanda ağac məmulatlarının qiymətində azalma davam etməkdədir. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən verilən məlumata görə, mart ayında 85 adda məhsuldan 33-ü üzrə qiymət azalması, 1-i üzrə qiymət artımı, 51-i üzrə isə stabillik müşahidə edilib. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma əvvəlki ayla müqayisədə 5,5 faiz təşkil edib. Birlikdən həmçinin bildirilib ki, martda katinka, şveller, künyə, dəmir təbəqə, armatur, sink təbəqə, elektrod, şüşə, taxta, dsp, dikt, mismar, dvp, alkopan, üzlük daş, çınqıl, laminat-parket, bitum, yapışqan, şüşə pambıq və sement ucuzlaşıb.

Ötən ay sementin qiymətinin ucuzlaşması tikintidə xərclərin azalması və mənzil tikintisində istifadə olunan tikinti materialları üzrə ümumi portfeldə xərc strukturunun dəyişməsi ilə nəticələnib. Araşdırmalar göstərir ki, sementin qiyməti sonuncu dəfə 1 il 4 ay əvvəlki qiymətdən 33,7 faiz aşağı salınıb. Qalan tikinti materialları üzrə qiymətlər dəyişməz qalıb.

Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının qiyməti 5,5 faiz, ilin əvvəli ilə müqayisədə 6 faiz, ötən illə müqayisədə isə 46,6 faiz azalıb. Qiymət indeksi isə ötən aya nisbətən 5,6 bənd azalaraq, 98,2 səviyyəsində qərarlaşıb./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar