Sementin satış qiymətləri azalıb
01 Aprel 2009 Çərşənbə 13:55
«Qaradağ Sement» ASC aprelin 1-dən etibarən birbaşa müştərilər üçün sementin satış qiymətlərini azaldıb.
Dəyişikliklə qalaq «Ekspert» sementinin 1 tonunun satış qiyməti 127 manat, «Spesial» sementinin 115 manata, kisə halında «Spesial» sementinin 1 tonu 131,6 manata, «Optimal» sementinin satış qiyməti isə 120 manata endirilib. Bu barədə «APA-ECONOMICS»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bununla yanaşı, distribütorlar üçün sement qiymətləri də aşağı salınıb. Şirkətdə hesab edirlər ki, bu, pərakəndə satış bazarında qiymətlərin düşməsi ilə nəticələnəcək.
«Qaradağ Sement» ASC-nin bu gündən tətbiq etdiyi yeniliklərdən biri də müştəriləri saxta sementdən qorumaq üçün yeni qablaşdırmaya keçməsidir. Bu məqsədlə pərakəndə satış bazarı üçün sement 40 kq-lıq kisələrdə istehsal ediləcək. Endirim və qablaşdırma dəyişikliklərindən sonra, distribütorların Bakı-Abşeron regionu üzrə pərakəndə satış bazarı üçün məsləhət-satış qiymətləri «Optimal» sementinin bir kisəsi üçün 6,7 manat, «Spesial» sementinin bir kisəsi üçün isə 7,5 manat olacaq.
Qeyd olunanlarla yanaşı, 23 mart-30 aprel tarixləri ərzində «Ekspert» sementi - CEM II/A-P 42,5N (qalaq) bütün növ müştərilərə xüsusi endirimlə - 118 manat/ton qiyməti ilə təklif olunur.
«Qaradağ Sement»in proqnozlarına görə, 2009-cu ildə ölkədə ümumi sement istehlakının ən azı 15% və yaxud 0,5 mln. ton azalması gözlənilir.
Qeyd edək ki, «Qaradağ Sement» ASC Azərbaycanda ən iri klinker və sement istehsalçısıdır. Zavod 1999-cu ildə özəlləşdirilib və müəssisənin kapitalının əsas pay sahibi kimi «Holcim Group» (İsveçrə) çıxış edir.
Xatırladaq ki, 2007-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı, 2008-ci ildə isə Azərbaycan İnvestisiya Şirkəti ayrı-ayrılıqda «Qaradağ Sement»in kapitalında 10%-lik iştirak payı almaqla zavodun səhmdarları sırasına qatılıb.
«Qarabağ Sement» ASC-nin 2007-ci ildə bazar payı 42% təşkil edib və ötən il şirkət 1,34 mln. ton sement satıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar