Şahdəniz konsorsiumu Avropaya ikinci ixrac marşrutu seçir
28 İyun 2012 Cümə Axşamı 17:59
Konsorsium Cənubi-şərq və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının qiymətlədirilməsini yekinlaşdırıb.
“Şahdəniz” konsorsiumu Cənubi-şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının qiymətlədirilməsini yekinlaşdırıb. “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) bir marşrutu nəzərdə tutan “Nabucco West” layihəsi “Şahdəniz Mərhələ 2” qazının Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçilib. “Şahdəniz” tərəfdaşlarının Bolqarıstan, Rumıniya və Macarıstanla əməkdaşlıqda tərtib etdikləri Cənibi-şərqi Avropa Boru Kəməri (SEEP) layihəsinin işlənməsi isə dayandırılır.

Bu qərar 2011-ci ildə ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qəbul edilib. Xüsusən də, “Nabucco West” layihəsinin daha yetkin olması konsorsiuma bu layihənin “Mərhələ 2” ilə eyni vaxt çərçivəsində işlənib hazır ola biləcəyi əminliyini verib. Konsorsium indi həmin layihənin miqyası, texniki araşdırmaları və kommersiya təklifinin optimallaşdırılması məqsədilə “Nabucco West”lə əməkdaşlıq edəcək.

Eyni meyarlar əsasında konsorsium bu ilin fevral ayında Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini “Mərhələ 2” qazının İtaliyaya ixracı üçün potensial marşrut kimi seçmişdi. Həmin qərardan keçən müddət ərzində “Şahdəniz” konsorsiumu Trans-Adriatik Boru Kəməri ilə birgə işləyərək bu yaxınlarda həmin layihə ilə bir Əməkdaşlıq Sazişi bağlayıb.

“Şahdəniz” konsorsiumu seçilmiş hər iki boru kəməri variantının sahibləri ilə işləməkdə davam edəcək. “Şahdəniz” bu iki layihə arasında öz yekun seçim qərarını 2013-cü ilin ortaları üçün planlaşdırılmış “Mərhələ 2” layihəsinin yekun sərmayə qərarından əvvəl verəcək, həmçinin həmin vaxtadək müvafiq qaz satışı sazişlərini də bağlayacaq.

““Nabucco West” variantının bizim əvvəlki seçimimiz olan Trans-Adriatik Boru Kəməri (TAP) ilə yanaşı seçilməsini elan etməkdən məmnunluq duyuruq. Bu, “Şahdəniz Mərhələ 2” layihəsinin işlənməsi və qaz ehtiyatlarının Xəzərdən Avropaya nəql edilməsi yönümündə daha bir vacib addımdır. Biz “Nabucco West” və Cənub-şərqi Avropa Boru Kəməri (SEEP) layihələrinin hər ikisinin işlənməsinə dəstək vermiş hökumətlərə və şirkətlərə minnətdarıq.”, deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib.

“Bu qərar Avropa ölkələrinin, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin davamlı enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına xidmət edən Cənub Qaz Dəhlizi strategiyasının həyata keçirilməsinə doğru atılan mühüm bir addımdır. Bu, Avropa bazarına şaxələndirilmiş enerji ehtiyatlarının təmin olunmasını mümkün edəcək bir ölkə kimi Azərbaycanın artmaqda olan rolunu nümayiş etdirir”, deyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev qeyd edib.

Qeyd edək ki, “Şahdəniz Mərhələ 2” layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Bu günədək edilmiş irəliləyiş konsorsiuma “Mərhələ 2” layihəsindən ilk qaz ixracına təqribən 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir. “Şahdəniz Mərhələ 2” layihəsinin “Mərhələ 1”dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz hasilatı əlavə edəcəyi gözlənilir. Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən “Şahdəniz” yatağının “Mərhələ 2” işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq.

“Şahdəniz” qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək. “Şahdəniz Mərhələ 2” qazını ixrac etmək üçün seçilən hər hansı ixrac marşrutu bütün müvafiq ətraf mühit, texniki təhlükəsizlik, sosial, hüquqi və dövlət nəzarəti standartlarına cavab verməyə qadir olmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar