Rusiya benzin ixracına qadağa qoyur
29 Aprel 2011 Cümə 14:32
Məhdudiyyət 1 ay müddətində qüvvədə olacaq
Rusiya hökuməti kəmərləri sıxır. Ötən il taxıl ixracına qadağa qoyan rəsmi Moskva may ayından başlayaraq avtomobil benzinin xaricə satışını dayandırır.

Bu barədə Rusiya energetika nazirinin müavini Sergey Kudryaşov məlumat verib. Məhdudiyyət 1 ay müddətində qüvvədə olacaq. Nazir müavini bildirib ki, daxili bazarın ehtiyaclarını təmin etmək üçün neft şirkətləri ilə müvafiq razılıq əldə olunub. Kudryaşovun fikrincə, hazırda benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac yoxdur.

“İxraca embarqo qoyulması o demək deyil ki, benzinin bahalaşmasından yayınmaq mümkün olacaq. Nazirlik yaxın gələcəkdə ölkədə benzinin 5% bahalaşacağını proqnozlaşdırır. Yanacağın bahalaşması səbəbindən neft şirkətləri mart və aprel aylarında yüksək gəlir əldə edib. İndi onlar öz məhsullarını daxil bazarda satacaq”, deyə energetika nazirinin müavini bildirib.

Qeyd edək ki, ötən həftənin sonunda Rusiyanın bəzi vilayətlərində benzin qıtlığı qeydə alınıb. Yanacaq çatışmazlığı iri şəhərlərdə, xüsusilə Moskvada daha kəskin müşahidə olunub.

Xatırladaq ki, bu ilin birinci rübündə Rusiyada 5,7 milyon ton benzin satılıb. 2,1 milyon ton avtomobil yanacağı isə xarici ölkələrə ixrac edilib. İndi Rusiyada benzinin litri təxminən 90 sentdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar