Rüfət Aslanlı: "Qiymətli kağızlar bazarında artım müşahidə olunub"
21 Aprel 2011 Cümə Axşamı 17:24
Azərbaycanda qiymətli kağızlar bazarına dair vahid qanun layihəsi hazırlanır .
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) bu ilin birinci rübünün yekunlarına həsr edilmiş hesabat iclası keçirilib. Komitənin İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, QKDK-nın sədri Rüfət Aslanlı bu ilin birinci rübü ərzində dünya ölkələrinin iqtisadiyyatlarının qarşılaşdığı əsas məsələləri ötən dövrlə müqayisə edərək, 2010-cu ildə qlobal ÜDM-də 5 faiz artım qeydə alındığını deyib. Onun sözlərinə görə, 2011-ci ildə bu göstərici bir qədər zəifləyərək 4.4 faiz, 2012-ci ildə isə 4.5 faiz olacaq: “Habelə 2011-ci ildə inkişaf etmiş ölkələrdə artım tempinin 2.4 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 6.5 faiz təşkil edəcəyi proqnozlaşdırılır”.

R.Aslanlı bildirib ki, hesabat dövründə ÜDM 2011-ci ilin birinci rübü ərzində 1.6 faiz artım nümayiş etdirərək 10.4 milyard manat, ÜDM-in adambaşına düşən həcmi isə 0.3 faiz artaraq 1,455.1 ABŞ dolları təşkil edib. QKDK-nın sədri hesabat dövründə neft ÜDM-inin 1.9 faiz azalmasına baxmayaraq, qeyri-neft ÜDM-inin 5.6 faiz artım nümayiş etdirməsini müsbət hal kimi qiymətləndirib. Bununla yanaşı, 2011-ci ilin birinci rübü ərzində əsas kapitala cəmi investisiyalar 2.5 faiz artaraq 1,776 milyon manat, ölkənin valyuta ehtiyatları isə artaraq 34.2 milyard manat təşkil etdiyi qeyd olunub.

R. Aslanlı hesabat dövründə qiymətli kağızlar bazarında da artım müşahidə olunduğunu, korporativ qiymətli kağızlar seqmentinin 2.3 dəfə, dövlət qiymətli kağızlar seqmentinin isə 4.8 dəfə artdığını qeyd edib. O, hesabat dövründə qiymətli kağızlar bazarının ticarət və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, bazar alətlərinin spektrinin genişləndirilməsi, investorların hüquqlarının müdafiəsi və bazarın tənzimlənməsi mexanizmlərinin inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini xüsusi vurğulayaraq, nəticədə ortamüddətli perspektivdə qabaqcıl standartlara uyğun, effektiv fəaliyyət göstərən və optimal tənzimlənən qiymətli kağızlar bazarının formalaşdırılmasına imkanlar yaradıldığını bildirib.

Daha sonra QKDK-nın sədrinin müavinləri və QKDK-nın aparatının rəhbəri geniş məruzələrlə çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən həyata keçirilən tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Məruzələrdə QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və institusional inkişaf istiqamətində həyata keçirilən tədbirlər, qiymətli kağızlar bazarına dair vahid Qanunun layihəsinin və uzunmüddətli strategiyanın hazırlanması, QKDK-nın beynəlxalq əlaqələrindən və ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat iclas iştirakçılarının diqqətinə təqdim edilib.

Hesabat iclasını yekunlaşdıran QKDK sədri R.Aslanlı bu ilin birinci rübünü bütövlükdə Komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək, əməkdaşların daxili potensialının inkişafı və gücləndirilməsinə dıqqətin artırılmasına dair müvafiq tapşırıqlar verdi. O, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafına dair” Dövlət Proqramının hazırlanmasının tamamlanması və icrasına başlanmasını, qiymətli kağızlar bazarının müasirləşdirilməsi və avtomatlaşdırılması üzrə Dünya Bankı ilə birğə layihənin həyata keçirilməsini və vahid qanun layihəsi üzərində işin tamamlanmasını növbəti rüblər ərzində QKDK-nın qarşısında duran prioritet vəzifəsi kimi qeyd edib.

Sonda R.Aslanlı QKDK-nın struktur bölmələrinin 2011-ci il üzrə fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlərin icrasına dair müvafiq tapşırıqlar verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar