Rayonlarda fəaliyyət göstərən maliyyə şöbələri ləğv ediləcək?
18 İyun 2010 Cümə 18:40
Nazim Məmmədov: "Onların yerinə regionlar üzrə maliyyə departamentləri yaradılmalıdır".
Bu gün Milli Məclisin plenar iclasında “2010-cu ilin dövlət büdcəsi haqqında” qanununa əlavə və dəyişikliklər müzakirə edilib. Müzakirələr zamanı millət vəkilləri bir sıra maraqlı təkliflər irəli sürüblər.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının üzvü Nazim Məmmədov ANS PRESS-ə verdiyi açıqlamada dedi ki, iclasda bir sıra dövlət strukturlarının ixtisar edilməsi təklif edilib: “Vaxtilə Vergilər Nazirliyi yerlərdə fəaliyyət göstərən Vergi Müfəttişliklərini ləğv edərək, regional departamentlər yaratdı. Bu addım həqiqətən də sahibkarlığın inkişafı və effektli idarəetmə üçün zəmin oldu. Bu təcrübədən istifadə edərək, mən təklif edirəm ki, rayonlarda fəaliyyət göstərən maliyyə şöbələri ləğv edilsin. Onların yerinə regionlar üzrə maliyyə departamentləri yaradılmalıdır. Bu, həm idarəetmənin təkmilləşdirilməsi baxımından, həm də maliyyə şəffaflığının artırılması baxımından çox vacibdir. Etiraf etməliyik ki, biz praktikada bu və ya digər maliyyə pozuntuları və büdcə vəsaitlərinin mənimsənilməsi haqqında faktlar eşitdikdə, bunun kökündə maliyyə şöbələrinin yerli icra hakimiyyəti orqanlarından asılı olması əsas səbəb kimi göstərilir. Fikrimcə, belə halları aradan qaldırmaq üçün Maliyyə Departamentlərinin statusu qaldırılmalıdır”.

Millət vəkili bütün dünyada maliyyə və vergi orqanlarının eyni strukturda olduğunu və birgə əməkdaşlıq sayəsində fəaliyyət göstərdiyini önə çəkdi. Bu baxımdan o, qeyd olunan təkliflərin qəbul edilməsini vacib sayır.

N.Məmmədov həmçinin Azərbaycanda rəsmi strukturlarda korporativ idarəetmə təcrübəsinin artırılmasını təklif edir. Onun fikrincə, eyni zamanda iri vergiödəyicilərin də təcili struktur islahatlarına başlanılmalıdır: “Çünki büdcəyə ən çox borcu qalanlar iri vergiödəyiciləridir. Bu təşkilatların üzərində olan sosial öhdəliklər götürülməlidir. Bunların balanslarında olan təhsil və digər müəssisələr yerli icra orqanları və bələdiyyələrin ixtiyarına verilməlidir. Həmçinin institusional islahatlar olaraq, bəzi mərkəzi icra orqanları birləşdirilməlidir. Məsələn, Su və Meliorasiya İdarəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi birləşdirilməli, bir mərkəzdən idarə edilməlidir. Çünki bunların hər üçü aqrar sektora aiddir. Yalnız burada Xəritəçəkmə və Kartoqrafiya sahəsi Müdafiə Nazirliyinə verilə bilər”.

Deputat onu da dedi ki, plenar iclasda sovet dövründən qalma əmanətlərlə də bağlı müzakirələr aparılıb: “Həmkarlarım təklif etdilər ki, hökumət bu vəsaitlərin qaytarılmaması ilə bağlı məsuliyyəti parlamentin üzərinə atmamalıdır. Qanunun qəbul olunmaması bəhanə kimi ortaya qoyulmamalıdır. Bu vəsaitlər dövlətin borcu kimi qəbul edilməli və onun ödənilməsi üçün mexanizmlər işlənib hazırlanmalıdır. Bunun üçün əlavə qanuna ehtiyac yoxdur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar