Rabitəbank 18 illiyini qeyd edir
30 İyun 2011 Cümə Axşamı 17:50
Bu ilin I rübündə Rabitəbank aktivləri 123 milyon manata çatıb.
Bu gün “Rabitəbank” ASC yaranmasının 18 ilini qeyd edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 1993-cü ildə Rabitə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış bank kimi fəaliyyətə başlayan “Rabitəbank” tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirib və universal banka çevrilib. Hazırda “Rabitəbank”ın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlardır. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 18 il ərzində “Rabitəbank” ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 20 filial və şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Ağcəbədi və Kürdəmir daxil olmaqla ölkənin 13 regionunda təmsil olunub. “Rabitəbank”ın Baş İdarəsi və filiallarında calışan 360-dan cox əməkdaş bankın 30 minədək müştərisinə xidmət olunmasını təmin edir.

Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı “Rabitəbank”ın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. 1997-ci ildən Beynəlxalq Maliyyə Korporasiya (İFC) ilə başlayan əməkdaşlıq hazırda həmçinin İslam İnkişaf Bankı (ICD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə davam etdirilir. İnkişaf maliyyə fondları ilə yanaşı, “Rabitəbank” əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq “Standard & Poor’s” reytinq şirkəti tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən “Rabitəbank” Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilib.

2011-ci ilin 1-ci rübünün yekunlarına görə, bankın aktivlərinin həcmi 123 milyon manat, balans kapitalı 15 milyon manat, kredit portfelinin həcmi 86 milyon manat, müştəri depozitləri 71 milyon manat təşkil edir.

18 il ərzində toplanmış təcrübə, Azərbaycanın bütün böyük reqional mərkəzlərini təmsil edən müştərilərə muasir bank xidmətlərinin təqdim olunması, peşəkar işci kollektivi, geniş xidmət infrastrukturu və beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq “Rabitəbank”ın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaradıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar