Petkim Petrokimya Holdinq 4 nominasiya üzrə mükafata layiq görülüb
29 Yanvar 2011 Şənbə 13:45
2011-ci ildə “Petkim Petrokimya Holdinq təxminən 100 milyon dollar sərmayə yatırılması nəzərdə tutulub.
Türkiyənin Egey bölgəsi Sənaye Palatası (EBSO) tərəfindən hər il ənənəvi olaraq regionun müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanan sənaye qurumlarının mükafatlandırma mərasimi təşkil edilir. Builki mükafatlandırma Dövlət Neft Şirkətinin (ARDNŞ) idarəçiliyində fəaliyyət göstərən “Petkim Petrokimya Holdinq” şirkəti üçün xüsusilə uğurlu olub.

ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkət eyni zamanda 4 nominasiya üzrə mükafata layiq görülüb. Belə ki, “Petkim Petrokimya Holdinq” 2010-cu ildə fəaliyyət göstərdiyi 45 illik tarixində rekord istehsal və ixracat göstəricilərinə nail olub.

EBSO-nun keçirdiyi mərasimdə “Ən Yüksək İstehsal”, “Ən Yüksək İnvestisiya” və “Ən Yüksək Məşğulluq” nominasiyaları üzrə mükafatlar “Petkim Petrokimya Holdinq”in baş direktoru Həyati Öztürkə təqdim edilib. Qlobal iqtisadi böhran dövründə dünya üzrə neft-kimya sektorunda istehsal güclərindən istifadə həcminin 70 faizə düşdüyünü, böhranın təsirlərinin azaldığı 2010-ci ildə isə yalnız 80 faizədək yüksəldiyini xatırladan H. Öztürk “Petkim”in bu sahədə ciddi uğur qazandığını vurğulayıb. 2010-cu ildə mənfəət və ixracatla bağlı qoyulan yüksək hədəflərə nail olunduğunu bildirən Öztürk, Əliağa Kompleksində fəaliyyət göstərən 7 fabrikin istehsal rekordu vurması nəticəsində ümumi istehsal həcminin bu günədək əldə edilən ən yüksək səviyyəyə çatdığını söyləyib.

“Petkim Petrokimya Holdinq”in baş direktoru bildirib ki, 2011-ci ildə müəssisəyə təxminən 100 milyon dollar sərmayə yatırılması nəzərdə tutulub. Bu il müəssisənin istehsal güclərinin maksimuma çatdırılması, texnologiyanın yenilənməsi, məhsuldarlığın artırılması, habelə istehsal xərcləri sırasında enerji xərclərinin azaldılması planlaşdırılır. H. Öztürk istehsal güclərinin artırılmasıyla bağlı əlavə enerjiyə ehtiyac yaranacağını söyləyib və bunun təmin olunması məqsədilə “Petkim”in ərazisində 25 MW gücündə külək enerji stansiyası inşa etmək planlarından danışıb. O, stansiyanın tikintisi üçün lisenziya müraciətinin müsbət qarşılandığını qeyd edib.

“Petkim”in insan resursları siyasətinə böyük əhəmiyyət verdiyini deyən Həyati Öztürk, həyata keçirilən “Əmək Zəmanətli İşçi Hazırlama Proqramı”nın bu il də davam edəcəyini, ötən noyabr ayında Proqram üzrə kursa başlayan 200 nəfərin fevral ayında işə götürüləcəyini bildirib. H. Öztürk Proqramın Egey Universiteti və Türkiyə İş Təşkilatı ilə əməkdaşlıq şəraitində davam etdiriləcəyini, bu ilin ikinci yarısında daha 200 texnikin kursa başlayacağını qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar