Maaşlar bir ilə 7 manat artıb
03 Fevral 2010 Çərşənbə 12:45
Maaşlar bir ilə 7 manat artıb. Büdcələrdə isə məvacib artımı müşahidə edilməyib.
Ötən il Azərbaycanda orta aylıq maaş 298 manat təşkil edib. Ötən ilin yanvarında isə bu göstərici 291 manat olub və il ərzində cəmi 7 manat artıb. Üstəlik, bu artım dövlət istehsal müəssisələrində maaş artımı hesabına olub. Büdcəçilərdə maaş artımı müşahidə edilməyib.

Ötən il ərzində əvvəlki illə müqayisədə maaş artımının sürəti azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əgər 2009-cu ilin birinci rübündə orta aylıq maaş artımı 26,5 faiz idisə, birinci yarımildə 19 faizə, üç rübün yekununda 15,5 faizə, ilin yekunu üçün 8,6 faizə düşüb. Müqayisə üçün deyək ki, 2008-ci ildə orta aylıq maaş 268 manat, 2007-ci illə müqayisədə artım 24,2 faiz idi.

Ötən il yüksək maaş hasilat sənayesində, maliyyə-vasitəçilik fəaliyyətində, icarə və kommersiya fəaliyyətində, eləcə də tikinti şirkətlərində saxlanılıb. Şirkətlərdə və müxtəlif təşkilatlarda ştatdankənar əsasda məşğul olanların orta aylıq əmək haqqı 2009-cu ildə 165,7 manat, mülki-hüquqi xarakterli müqavilələr üzrə çalışanların maaşı 278,5 manat olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar