Kapital Bank Şuşa filialı açıldı
29 İyun 2011 Çərşənbə 16:59
Kapital Bank ümid edir ki, Şuşa filialı tezliklə fəaliyyətini Şuşanın özündə davam etdirəcək.
Bu gün Bakıda “Каpital Bank” ASC-nin təmir olunmuş “Şuşa” filialının açılışı oldu. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, filial Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 3158/3156 məhəllə ünvanında, Azərbaycan Tennis Akademiyasının yaxınlığında fəaliyyət göstərəcək.

Filialın yerləşdiyi inzibati binada əsaslı təmir işləri aparılıb. Müştərilərə yüksək xidmət şəraitinin təmin edilməsi üçün lazımi işlər görülüb. Bina müvafiq avadanlıqlarla təchiz edilib. Filialda bankomat və digər texniki vasitələr quraşdırılıb. Müştərilər “Şuşa” filialına müraciət edərək istədikləri bank əməliyyatlarını apara bilərlər.

“Kapital Bank” ümid edir ki, filial tezliklə fəaliyyətini Şuşanın özündə davam etdirəcək və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra bu regionun sosial-iqtisadi inkişafında bankın Şuşa filialı da özünəməxsus rol oynayacaq.

Qeyd edək ki, hazırda “Kapital Bank”ın 89 filialı, 10 şöbəsi, 395 bankomatı və 412 POS-terminalı mövcuddur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar