Kapital Bank Master Cardın sayını artırır
01 Fevral 2011 Çərşənbə Axşamı 12:15
Bankın ən yaxşı satış təmsilçiləri mükafatlandırılıb
“Kapital Bank” ötən ilin sonlarında təşkil edilmiş bankdaxili kampaniyanın qaliblərinə mükafatlar təqdim edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank filiallarında ödəniş kartlarının satışı sahəsində çalışan satış təmsilçilərinin fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyan kampaniya 01 oktyabr - 31 dekabr 2010-cu il tarixini əhatə edib. Kampaniyanın hədəfi bank portfelində “MasterCard” tipli kartların sayını artırmaq olub. Kampaniyada “Kapital Bank”ın 95 struktur bölməsi iştirak edib.
Nəticələrə əsasən, bankın Bakı şəhərində yerləşən “Rabitə”, 1 saylı Səbail, 1 saylı Yasamal, 1 saylı Nəsimi filialları fərqlənib. Regionlarda fəaliyyət göstərən filiallardan isə qaliblər Quba və Qax filialları olub.
“Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini Murad Şirəliyev bankın filialları arasında sağlam rəqabətin təmin edilməsi baxımından bu cür kampaniyaların səmərəli olduğunu bildirib. O, kampaniyanın qalibləri arasında Bakıda fəaliyyət göstərən filiallarla yanaşı, regional filialların da olmasını sevindirici fakt kimi diqqətə çatdırıb. Sədr müavini bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
DOSTLARINLA PAYLAŞ: