İri pullar neftin qiymətini qaldırdı
21 Aprel 2011 Cümə Axşamı 11:36
ABŞ-ın nəhəng şirkətlərinin gəlirləri "qara qızılı" bahalaşdırdı
Cümə axşamı “qara qızıl”ın qiyməti qalxıb. Bu, dünya iqtisadiyyatının nəhəngi hesab edilən ABŞ-ın neft ehtiyatlarının azalması, eləcə də iri Amerika şirkətlərinin ürək açan hesabatları fonunda baş verib.

Nyu-York elektron birjalarında “WTI” (Light Sweet Crude Oil) markalı neftin barelinin may ayına olan fyuçerslərinin qiyməti 0,68 dollar və ya 0,61 % bahalaşaraq 112, 13 dollara, London birjalarında isə “Brent” markasına məxsus neftin barelinin may fyuçersləri 0,79 dollar və ya 0,64% qalxaraq 124,64 dollara təklif edilib.

Amerika şirkətlərinin 2011-ci maliyyə ilinin ikinci rübünün hesabatına əsasən, “Apple” şirkətinin gəlirləri 3, 07 milyard dollardan 5,99 milyard dollara kimi artıb. Satışlar isə 83% artaraq 24,7 milyard dollar təşkil edib. Mobil telefonlar üçün çip istehsal edən ən iri şirkət “Qualcomm Inc” gəlirləri isə cari ilin II hesabatına görə 29% yüksələrək 999 milyon dollara çatıb.


Bundan başqa, Birləşmiş Ştatların Energetika Nazirliyi neftin kommersiya ehtiyatları haqda məlumat açıqlayıb. Bir həftə ərzində, yəni aprelin 15-ə kimi neftin ehtiyatları 2,32 milyon barel və ya 0,6% azalaraq 356,97 milyon barel təşkil edib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar