İpoteka kreditləşməsi mənzil bazarında canlanma yaradıb
18 İyul 2009 Şənbə 21:55
Yay mövsümünün olmasına baxmayaraq, son bir ayda Bakıda mənzillərin qiyməti gözlənilməz dərəcədə artıb

 

Əksəriyyət yayda ucuzlaşmanın olacağını gözləsə də, iyunun 1-dən ipoteka kreditləşməsinin bərpası əks proseslərə səbəb olub. Daşınmaz əmlak bazarında vəziyyəti təhlil edən təşkilatların hesabatlarında isə ciddi fərq var. Onlardan biri bahalaşmanın 8 faizdən çox, digəri isə 1 faizdən az olduğunu göstərir.

Yay mövsümünün olmasına baxmayaraq son bir ayda Bakıda mənzillərin qiyməti gözlənilməz dərəcədə artıb. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin araşdırmalarına görə, təkrar bazarda qiymət artımı 8,4 faiz, ilkin bazarda isə 2,4 faiz olub. Qurumun ekspertləri bahalaşmanı ipotekanın bərpası ilə əlaqələndirir.

Maraqlıdır ki, daşınmaz əmlak bazarını araşdıran digər təşkilat - «Em-bi-ey konsaltinq» şirkəti isə təkrar bazarda qiymətlərin cəmi 0,7 faiz artdığını bildirir. Şirkətin rəhbəri Nüsrət İbrahimov bahalaşmanın əsasən ucuz evlərdə müşahidə olunduğunu deyir.

Ekspertlər ucuz mənzillərin bahalaşmasını onların ipotekaya daha çox cəlb olunmalarıyla izah edir. «Em-bi-ey konsaltinq» şirkəti «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən fərqli olaraq yeni tikililərdə ucuzlaşmanın olduğu qənaətinə gəlib.

İyunda bahalaşmaya baxmayaraq ekspertlər sentyabra qədər bazarda sabitliyin muşahidə olunacağını proqnozlaşdırır. İlin sonuna doğru isə bazarda aktivliyin artacağı və qiymətlərdə cüzi də olsa yüksəlişin baş verəcəyi gözlənilir.

Qeyd edək ki, son bir ildə daşınmaz əmlak bazarında qiymətlər orta hesabla 20-25 faiz azalıb. Ən çox ucuzlaşma torpaqların qiymətində qeydə alınıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar