İpoteka krediti veriləcək
26 May 2009 Çərşənbə Axşamı 15:30
Artıq ipoteka fodunun internet saytında müvəkkil bank, sığorta şirkəti və qiymətləndiricilərin təzələnmiş siyahısı yerləşdirilib

 

Azərbaycan hökuməti iqtisadi böhran dövründə tikinti sektoruna dəstək kimi qiymətləndirilən daha bir addım atıb. İyunun 1-dən ipoteka kreditlərinin verilməsi bərpa olunacaq.

Artıq ipoteka fodunun internet saytında müvəkkil bank, sığorta şirkəti və qiymətləndiricilərin təzələnmiş siyahısı yerləşdirilib. Siyahıdan məlum olur ki, müvəkkil təşkilatlarda ciddi dəyişiklik var. Belə ki, qiymətləndirmə şirkətlərinin sayı 17-dən 7-yə, bankların sayı isə 22-dən 17-yə qədər azaldılıb. Sığorta şirkətlərinin sayında ciddi dəyişiklik olmasa da, sığortaya çəkilən xərclər artacaq. Belə ki, indiyə qədər yalnız girov qoyulan əmlak sığortalanırdısa, gələn aydan kredit götürən şəxsin əmək qabiliyyəti, həmçinin həyatı da sığorta olunacaq. Ən ciddi dəyişiklik isə ipoteka predmetiylə bağlıdır. 2007-ci ildə ipoteka kreditiylə torpaq sahəsi də almaq olurdusa, bundan sonra yalnız bina evlərinə görə borc ayrılacaq.
Müvəkkil qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimovun ANS-ə verdiyi məlumata görə, alqı predmeti təkrar bazar yox, ilkin bazar olacaq. "Yəni əhali yeni tikilən binalardan mənzil sahələri ala bilər. Açıqlanan şərtlərdən bir odur ki, girov predmeti kimi köhnə binalardan istifadə edilə bilər".

İpoteka fondunun internet saytındakı məlumatlardan belə aydın olur ki, iyunun 1-dən adi ipoteka bərpa olunacaq və illik faiz 8-dən yüksək olmayacaq. Maksimum müddətin 25 il göstərilməsi isə ondan xəbər verir ki, illik 4 faizlə verilən 30 illik sosial ipoteka bərpa olunmur. Kreditləşmənin ilkin bazarda qiymətlərə təsirinə gəlincə, Nüsrət İbrahimov əminliklə deyir ki, bazarda təklif həddən artıq çox olduğundan ciddi artım gözlənilmir. Əvəzində bazarda fəallıq xeyli yüksələcək və bu fəallıq tikinti materialları bazarında da müşahidə olunacaq. Bütün bunlar isə ölkədə məşğulluğun təmin olunmasına gətirib çıxaracaq.

Xatırladaq ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, tikinti sektoru və onunla birbaşa əlaqədə olan sahələrdə yarım milyon insan çalışır./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar