Hökumət təcili olaraq İstehlak kreditləri haqqında qanun qəbul etməlidir
24 Dekabr 2011 Şənbə 20:26
Samir Əliyev: “Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Hökumət təcili olaraq İstehlak kreditləri haqqında qanun qəbul etməlidir.”
Gündəlik olaraq dövrü mətbuatda və şəhərin müxtəlif yerlərində sərfəli şərtlərlə kreditlərin təklif olunduğu reklamlara rast gəlirik. Ancaq banka müraciət etdikdə məlum olur ki, reallıqda kredit şərtləri reklamda göstəriləndən xeyli fərqlənir. Çünki banka müraciət edən şəxslər ya əlavə komisyon haqq ödəməli olur, ya da yüksək faizlə kredit götürmək məcburiyyətində qalır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin ANS PRESS-ə bununla bağlı verdiyi açıqlamasında bildirib ki, təəssüf ki, bir sıra banklar kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. O bildirib ki, nəticədə bank məhsullarının istehlakçısı olan müştərilərin hüquqları pozulur. Belə halların qarşısını almaq məqsədilə hökumət təcili olaraq “İstehlak kreditləri haqqında” qanun qəbul etməlidir.

Ekspertin sözlərinə görə, kredit götürən müştərilən hüquqları qorunmur: “Bütün dünyada istehlak kreditləri əhalinin bütün təbəqəsinin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu ölkələrdə istehlak kreditləşməsi proseduru zaman-zaman təkmilləşdirilib. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditləri gəlir əldə etmək üçün yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Bu baxımdan istehlak kreditləri götürən müştərilərin hüquqları ayrıca qanunla qorunur. Bu qanun bir qayda olaraq “İstehlak kreditləri haqqında” qanun adlanır. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Buna görə də Azərbaycanda da oxşa qanunun qəbuluna ehtiyac var”.

S.Əliyevin fikrincə, əhalinin kreditə əlçatanlığının aşağı olması ilə yanaşı müştərilərin aldadılması halları gündən-günə artır. “Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Onlar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Məsələn, banklardan biri reklamların birində bayramla əlaqədar faizsiz kredit kampaniyasını apardığını elan etdi. Müraciət etdikdə aydın oldu ki, həmin kampaniya çərçivəsində 6 ay müddətinə verilən və faizsiz hesab olunan kreditə görə müştəri 12 faiz həddində komisyon haqq ödəməlidir. Bu isə təxminən illik 24 faizlə təklif edilən kreditə bərabərdir. Halbuki ölkədə kreditlər üzrə komisyon haqq 5 faizdən çox deyil. Ancaq reklam çarxlarında bu barədə məlumat verilmir. Digər bank ilkin müştəri üçün ancaq xarici valyutada kredit verdiyini bildirir. Üçüncü bank krediti vaxtından əvvəl qaytarmaq istəyən müştəriyə cərimə tətbiq edir və s. Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur.” – deyə ekspert bildirib.

Ekspertə görə, xarici ölkələrdə oxşar halların qarşısı almaq üçün müvafiq qanun fəaliyyət göstərir: “İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştat səviyyələrndə qanunvericiliklə tənzimlənir. “Consumer Credit Protection Act”, “Truth in Lending Act”, “Fair Credit Reporting Act”, “Fair Credit Billing Act”, “Equal Credit Opportunity Act”, “The Fair Credit Debt Collection Act” kimi sənədlər federal səviyyədə isteklakçıların hüquqlarını qoruyur. Avropa Birliyinin üzv ölkələri üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində 2002/65/EC adlı direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən “Consumer Credit Act” adlı hüquqi aktla tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Ukrayna, Özbəkistan istehlak kreditləri ayrıca qanunla tənzimlənir. Rusiya 2012-ci ildən belə qanunun qəbulunu planlaşdırır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar