Fermerlərin kredit tələbatı ödənilmir
04 Aprel 2009 Şənbə 14:30
Üstəlik, risklərin artması borc faizlərini artırıb

 

«Bank və kredit təşkilatları kənd təsərrüfatı istehsalçılarının kreditə olan tələbatını tam ödəyə bilmir». "Aqrarkredit" Qeyri-bank Kredit Təşkilatının rəhbəri Məmməd Musayev bu fikirdədir. Onun sözlərinə görə, indi kənd təsərrüfatında maliyyə vəsaitlərinə tələbat təqribən 1 milyard manatdır. Mikrokredit təşkilatları, banklar və kredit təşkilatları isə ən yaxşı halda bir neçə yüz milyon dollarlıq kredit təklif edə bilir. Maliyyə böhranına baxmayaraq beynəlxalq təşkilatlar bu sahəyə vəsaitləri dayandırmayıb. Amma böhranla əlaqədar risklər artdığından, kreditlər bahalaşaraq illik 24 faizə çatıb.
M. Musayevin sözlərinə görə, təşkilatdan kredit alarkən məbləğin 150 faizi dəyərində girov qoyulmalıdır. Bu, torpaq, daşınmaz əmlak və s. ola bilər. Kredit 30 aya verilir. Çayçılığa isə kredit verilmir. Amma kreditlərin bahalaşması Sahibkarlığa Kömək Milli Fondu xətti ilə ayrılan vəsaitlərə şamil olunmur. Əksinə, illik 7 faizlə verilən belə kreditlərin yaxın vaxtlarda 6 faizə qədər ucuzlaşması gözlənilir. Məmməd Musayevin sözlərinə görə, indi kənd təsərrüfatının əksər sahələrinə kredit verilir. Sadəcə çayçılıq kimi sahələrdə məhsul istehsalı bir neçə ilə başa gəldiyindən, bu halda kreditlərin verilməsi fermerlərə sərfəli deyil. İndi fermerlər kreditləri daha çox heyvandarlığın inkişaf etdirilməsi üçün götürürlər. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar