Dollar etibardan düşür
10 Avqust 2011 Çərşənbə 11:44
ABŞ-ın kredit reytinqinin azalması Amerika valyutasının sabitliyinə şübhə yaradıb
Uzun müddət özünü dünyanın aparıcı valyutası kimi nümayiş etdirmiş dollara etibar sərmayəçilərin Amerika iqtisadiyyatının dayanıqlığına və ABŞ hökumətinin dövlət borcu problemini həll etmək qabiliyyətinə şübhələri nəticəsində azalıb.

Uzun müddət istənilən iqtisadi çətinliklər zamanı bütün dünyanın sərmayəçiləri dolları ən etibarlı yatırım vasitəsi sayırdılar və inanırdılar ki, ABŞ həmişə öz borclarını ödəmək imkanındadır. Amma keçən həftə "Standard & Poor's" agentliyi tərəfindən ABŞ-ın kredit reytinqinin aşağı salınmasından sonra bir çoxları dünya iqtisadiyyatının qeyri-sabitliyinə dözə biləcək yeni rezerv valyutası barədə düşünməyə başladılar. Mümkün namizədlər sırasında İsveçrə frankı və yapon ienasının adı çəkilir.

Nəticədə, son günlərdə dollar yapon ienasına və İsveçrə frankına nisbətdə ucuzlaşıb. Yaponiya və İsveçrə hökumətləri valyutalarının həddən bahalaşmasından narahatdırlar, çünki bu onların ixrac məhsullarının xaricdə satılmasına mənfi təsir göstərəcək.

Əvvəllər maliyyə böhranları zamanı dolların dəyəri həmişə qalxırdı. Bir sıra analitiklər, o cümlədən "Standard & Poor's"ın ekspertləri hesab edirlər ki, Amerika iqtisadiyyatının qeyri-sabit durumu və dövlət borcu barədə bu yaxınlarda gedən uzun-uzadı müzakirələr üzündən sərmayəçilərin çoxu ölkənin hökuməti borca götürülmüş vəsaitlər hesabına maliyyələşdirmək adətindən yaxa qurtarmaq qabiliyyətinə şübhə ilə yanaşmağa başlayıblar.

Çin hazırda iqtisadiyyatının böyüklüyünə görə dünya üzrə ABŞ-dan sonra ikinci ölkədir və Amerika hökumətinin ən iri xarici kreditorudur. Çin "borc asılılığına" görə Birləşmiş Ştatları kəskin tənqid edib, amma başqa dövlətlərlə birlikdə ABŞ xəzinədarlığının istiqrazlarını satın almaqda davam edir, çünki başqa ölkələr yetərincə az borc öhdəlikləri satırlar və ya daha böyük iqtisadi qeyri-sabitliyə məruz qalırlar.

Bir sıra investorlar isə daha çox Avropa ölkələrində, xüsusilə də Yunanıstan, İrlandiya və Portuqaliyadan sonra İtaliya və İspaniyada baş verə biləcək borc böhranından qorxurlar ki, onlara da tezliklə beynəlxalq maliyyə yardımı lazım gələ bilər.

Amma müəyyən müddətdən sonra dolların məzənnəsinin düşməsi ABŞ-ın hər il milyard dollarlara çatan nəhəng ticarət kəsirinin azalmasına gətirə bilər. Amma bu proses çox ləng gedə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar