Beynəlxalq Valyuta Fondu proqnozunu verdi
23 Aprel 2010 Cümə 10:55
2010-cu ildə Azərbaycanda ümumdaxili məhsulun həcmi 2,7 faiz, gələn il isə 0,6 faiz həcmində artacaq.
Beynəlxalq Valyuta Fondu (BVF) 2010-cu il üçün Azərbaycanda ümumdaxili məhsulun həcminin 2,7 faiz, gələn il isə 0,6 faiz həcmində artacağını proqnozlaşdırıb. Bu barədə fondun rəsmi saytında məlumat verilib. Mart ayının əvvəlində eyni proqnozu fondun Azərbaycandakı missiyasının rəhbəri Nienke Oumes də səsləndirmişdi.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Valyuta Fondu 2010-cu il üçün Azərbaycanda ümumi daxili məhsulun həcminin 7,4 faiz həcmində olacağını bildirmişdi. Fond həmçinin bu il ölkəmizdə inflyasiyanın 4,7 faiz olacağını qeyd edib. 2011-ci ildə isə bu göstəricinin 3,5 faiz olacağı ehtimal olunub. Fondun proqnozlarını nəzərə alsaq, 2015-ci ildə ölkəmizdə ümumi daxili məhsulun həcminin 0,7 faiz, inflyasiyanın səviyyəsinin isə 3 faiz təşkil edəcəyi bildirilib.

BVF-in hesabatına görə, MDB ölkələri arasında 2010-2011-ci illərdə ən yüksək artım Türkmənistanda müşahidə olunacaq. Proqnoza əsasən, Ermənistan və Gürcüstanda ümumdaxili məhsulun artımı bu illər ərzində uyğun olaraq 1,8-3, 2 - 4 faiz səviyyəsində olacaq. Fondun rəqəmlərinə görə, 2010-2011-ci illərdə Azərbaycanda MDB dövlətləri arasında ən aşağı inflyasiya göstəricisi qeydə alınacaq. Ən yüksək inflasiya səviyyəsi isə Ukrayna və Özbəkistanda müşahidə olunacaq. Sıralamada bu ölkələrin ardınca inflyasiya səviyyəsinə görə Ermənistan və Gürcüstan gəlir.

Saytın verdiyi məlumata əsasən, 2010-cu ildə dünyada istehsalda artım müşahidə olunacaq. BVF ekspertləri deyir ki, bu il dünyada iqtisadi artım gözlənildiyindən yüksək olacaq. Asiyada, Latın Amerikası və digər inkişaf etməkdə olan ölkələrdə formalaşdırılan bazarların sayəsində bu artım yüksək səviyyədə, inkişaf etmiş ölkələrdə isə çox ləng gedir.

Qeyd edək ki, Azərbaycan hökuməti bu il ölkədə ümumi daxili məhsulun artım həcminin 6,8 faiz, inflyasiyanın isə 3 faizə qədər olacağını proqnozlaşdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar