"Beynəlxalq Bank" “Nikoil Bank”la razılaşma imzalayıb
17 May 2010 Bazar Ertəsi 12:05
Bank elektron bank əməliyyatları xidmət spektrini inkişaf etdirməkdə davam edir.
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) “Nikoil Bank” ilə hər iki bankın buraxdığı plastik kartlar arasında “KartTransfer” təcili pul köçürmələrinin həyata keçirilməsinin mümkünlüyü barədə razılaşma imzalayıb. Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin sözlərinə görə, bank elektron bank əməliyyatları xidmət spektrini və infrastrukturunu inkişaf etdirməkdə davam edir.

Onun sözlərinə görə, elektron bank əməliyyatlarının ən çox tanınan xidmətlərindən biri də ABB tərəfindən buraxılmış kartların sahiblərinə bir kartdan digər kartın hesabına təcili pul köçürmələri həyata keçirməyə imkan verən “KartTransfer” xidmətidir: “Bu günlərdə müştərilərinin bu formada köçürmələr edə bildiyi banklar siyahısına “Nikoil Bank” da əlavə olundu. Beləliklə, “KartTransfer” xidmətlərinin infrastrukturu 9 bankı əhatə edir ki, bunların sırasına “ABB-Moskva”, “Atabank”, “Bank Respublika”, “Bank of Azerbaijan”, “Rabitəbank”, “AGBank” və “Bank Standart” daxildir.

“KartTransfer” xidmətinə tələbat daim artmaqdadır. Əgər, 2009-cu ilin birinci rübündə «KartTransfer» xidmətləri vasitəsilə 2.1 milyon manat dəyərində 3.7 milyon ədəd pul köçürmələri həyata keçirilmişdisə, həmin ilin dördüncü rübündə bu rəqəmlər müvafiq olaraq, 2.4 milyon manat dəyərində 5.1 milyon ədəd pul köçürmələri təşkil edib. Ümumilikdə, 2009-cu il ərzində 8.9 milyon manat dəyərində 17.3 milyon ədəd pul köçürmələri həyata keçirilib. Müqayisə üçün 2008-ci ilin analoji göstəriciləri olan 4.1 milyon manat dəyərində 8.5 milyon ədəd pul köçürmələrinin təşkilini misal gətirmək olar.

R.Ağayevin qeyd edib ki, ABB-nin təqdim etdiyi elektron bank əməliyyatları sırasına uçuş biletlərinin ödənişinin xidmət bazarında analoqu olmayan, yəni uzaqdan idarəetmə xidmətinin bütün vasitələrinin – bankomat, məlumat köşkü, mobil telefon və İnternet Bank əməliyyatları sisteminin köməyi ilə bilavasitə yerinə yetirilən xidmət növü daxildir. ABB-nin və “Silk Way Travel” şirkətinin müştəriləri evdən və ya ofisdən ayrılmadan, əvvəlcə turizm agentliyinə zəng edib, sonra ABB vasitəsilə uzaq məsafədən ödəniş edərək, elektron bilet əldə etmək və ondan birbaşa hava limanında istifadə etmək imkanına malikdirlər. Bizim bazarda yaranan bu inqilabi xidmət səyahətə hazırlaşaraq öz vaxtına qənaət etmək arzusunda olanlara kömək edəcək.

Bununla yanaşı, R.Ağayev xatırladıb ki, elektron bank xidmətləri sistemindəki əlverişli xidmətlər siyahısına “Azercell”, “Bakcell” və “NAR Mobile” mobil operatorlarının, “Bakıelektrikşəbəkə” ASC-nin, “Elcell”, “Azeronline” və “Adanet” internet provayderlərinin və “Aztelekom” şirkətlərinin təchiz etdiyi xidmətlərin ödənişləri də daxildir.

R.Ağayevin deyir ki, elektron ödəmələr və pul köçürmələri sahəsindəki artımın müsbət təmayülü son 3 – 4 il ərzində qalmaqdadır. Belə ki, əgər 2007-ci il ərzində elektron bank əməliyyatları sisteminin bütün kanalları vasitəsilə 4.88 milyon manat dəyərində 243.8 min ədəd əməliyyat aparılmışdısa, 2008-ci ildə bütün növlər üzrə əməliyyatların sayı 366.3 min (33.4 faiz artım), onların ümumi dəyəri isə 7.97 milyon manat (38.8 faiz artım) olub. Bu müsbət dinamika 2009-cu ildə də qorunub saxlanılıb: 13.6 milyon manat dəyərində 498.7 min ədəd əməliyyat həyata keçirilib. 2010-cu ilin birinci rübündə həyata keçirilən əməliyyatların sayı daha 117 min ədəd artmış, onların ümumi dəyəri isə 2.7 milyon manat olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar