Bərdədə fermerlər gübrə qıtlığından şikayət edir
21 Aprel 2010 Çərşənbə 17:00
Kiçik torpaq sahiblərinin əksəriyyəti güzəştli şərtlərlə gübrə ala biləcəyindən xəbərsizdir.
Bərdədə lazımi qədər gübrə ehtiyyatı yoxdur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, kiçik torpaq sahiblərinin əksəriyyəti güzəştli şərtlərlə gübrə ala biləcəyindən xəbərsizdir. Ona görə də gübrəni əsasən bazardan alırlar.

Fermer Saməddin Əhmədovun sözlərinə görə, onlar gübrəni dükanlardan alır. Fermer Rüstəm Quliyev deyir ki, 1 hektar 100 kq gübrə verir. O da hamı kimi gübrəni mağazadan alır. Gübrənin 1 kisəsi isə 11 manatadır.

Fermerlər deyir ki, gübrə verilən zaman torpaqdan götürülən məhsulun miqdarı ən az 30 faiz artır. S.Əhmədov deyir ki, 12 sot xiyar əkib: “Ondan demək olar ki, gündə 1.5 ton xiyar götürürdük. Gübrə olmasa, 600 kq götürərdik”.

R.Quliyev isə deyir ki, 1 hektar gübrə verəndə, 1 ton artıq taxıl götürür.

Qeyd edək ki, “Aqroservis”in xətti ilə güzəştli qiymətlərlə gübrə alan fermerlər də var. Onlar deyir ki, “Aqroservis”dən aldıqları gübrə bazardakından 40-50 faiz ucuzdur.

Fermer Mircabbar Cabbarovun sözlərinə görə, sənədləri gətirib, pulunu ödəyib, gübrəni alırsan: “1 hektar əraziyə 200 kq gübrə veririk. Mən bu gübrəni “Aqrolizinq”dən almışam. Onlar bunu mənə 6 manata veriblər, bazarda isə onun qiyməti 10-11 manatdır”.

“Aqrolizinq”in Bərdədəki filialının müdiri İbrahim Əliyevin sözlərinə görə, fermerlərə güzəştli qaydada lazımi miqdarda gübrə paylanıb. O bildirib ki, fermer torpağın sənədlərini gətirir, onlara təqdim edir, 6 manata sonradan 50 kiloqramlıq kisəni alır.

İbrahim Əliyevin sadaladığı rəqəmlər isə rayondakı torpaq sahiblərinin güzəştli şərtlərlə gübrə təminatının minimum həddə olduğundan xəbər verir. Belə ki, Bərdəyə "Aqrolizinq" xətti ilə 118 ton azot, 50 ton fosfor gübrəsi gətirilib. Şum altına verilən kalium isə tələb olmadığı üçün ümumiyyətlə gətirilməyib.

Qeyd edək ki, hər bir hektara əkin sahəsinə 200 kq azot və 500 kq kalium gübrəsi verilməlidir. Bərdə İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda 61 min hektar əkin sahəsi var. Bu isə o deməkdir ki, Bərdəyə ən az 12 min ton azot və 30 min ton kalium gübrəsi lazımdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar