Bakıda 3 otaqlı mənzillərə tələbat artıb
28 İyun 2011 Çərşənbə Axşamı 16:32
Bakıda 3 otaqlı mənzillərə tələbat artıb. Yeni tikililərin ucuzlaşması mənzil bazarında canlanma yaradıb.
Bu ilin may ayında “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən paytaxtın ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı əvvəlki ayda passivliklə müşahidə edilən ilkin mənzil bazarı nisbi aktivliklə əvəz olunub. Belə bir tendensiya əsasən təkrar satılan (bir çox hallarda təmirli) yeni tikililərdə qeydə alınsa da, bir sıra yeni tikililərin istismara təhvil verilməsi və sənədləşmə prosesinə imkanların açılması ilkin bazar mənzillərində də qeydə alınıb. May ayından müşahidə edilən bu tendensiya (sənədləşmə) getdikcə yeni tikililərin ipoteka bazarında iştirakına şərait yaradacağına və payız aylarından artıq bazarın bu seqmentinin aktivləşəcəyini proqnozlaşdırmağa əsas verir.

Beləliklə, may ayında araşdırmalar zamanı paytaxtın Yasamal, Nəsimi, Nizami rayonları üzrə 3 yaşayış binası satışdan çıxıb. Bazar üzrə heç bir yeni tikili daxil olmadığından siyahı üzrə binaların sayı ötən aydakı 437-ə qarşı 434 ədəd olub. Tikinti şirkətlərinin sayında da azalma baş verib - 154 (155).

Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən bu üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı may ayı üçün 64,9 faiz təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Araşdırmalar əsasən tədqiq edilən ayda alıcı aktivliyinin əsas hissəsi bağlanmış müqavilələr üzrə əsasən 3 otaqlı mənzillərdə qeydə alınıb. Beləliklə, may ayında satılan yeni mənzillərin təxminən 40 faizi 3 otaqlıların, 30 faizi 2 otaqlıların, yerdə qalan 30 faizi isə 1,4 və 5 otaqlıların payına düşüb. 3 otaqlı mənzillərin təklif payı bütün rayonlarda yüksək göstərici ilə qeydə alınıb. 5 otaqlı mənzillər əsasən şəhərin 1-ci zonasında, 1 otaqlılar isə daha çox 3-cü zonada üstünlük təşkil edib.

İlin əvvəlindən yeni tikililər bazarında qeyd edilmiş qiymət ucuzlaşması tendensiyası may ayında da davam edib. Paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə hər kvadrat metr üzrə orta qiymət göstəricisi əvvəlki ayda stabil qalsa da, mayda 0,2 faiz azalma qeydə alınıb və 1 kv.metr üzrə mənzillərin qiyməti 839 manat olub. Ümumiyyətlə 2011-ci ilin əvvəli ilə müqayisədə qiymətlərin azalması 1,1 faiz təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət azalması 1,1 faiz, ötən illə müqayisədə isə 3,6 faiz qeydə alınıb. 2008 sentyabrı (böhran dövrü) ilə müqayisə qiymət fərqi 29,7 faiz olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar