Azərikimya demontaj olunur
04 İyun 2010 Cümə 18:35
Azərikimya demontaj olunur. Sumqayıtın Səthi Aktiv Maddələr Zavodunda da demontaj işləri daha geniş miqyasda aparılır.
Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin müəssisələrinin müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulması və istehsalat güclərinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hazırda İB-də son zamanlar fəaliyyətini dayandırmış sexlərin müasir və mütərəqqi texnologiyalar əsasında yenidən qurulması məqsədi ilə fiziki baxımdan aşınmış və mənəvi cəhətdən köhnəlmiş qurğu və avadanlıqların demontaj olunmasına başlanılıb.

Sumqayıt kimya kompleksinin ən qocaman müəssisəsi olan Səthi Aktiv Maddələr Zavodunda demontaj işləri daha geniş miqyasda aparılır. Son günlər ərzində müəssisənin Superfosfat zavodu yaxınlığındakı 110 kilovoltluq yarımstansiyaya məxsus kabel estakadasında söküntü işləri başa çatdırılıb. Zavodun 2-ci və 10-cu sexlərinin ərazisində vaxtilə benzol, toluol və parafinin ötürülməsi üçün istifadə edilmiş ümumi uzunluğu 2 kilometrə yaxın olan boru xətlərinin sökülməsi üçün hazırlıq işləri davam etdirilir. Daha sonra həmin boru xətlərinin keçdiyi estakadaların da demontaj edilməsi nəzərdə tutulur. Bu işlərə “Azərikimya” İB-nin 40 nəfərə yaxın peşəkar fəhlə və təcrübəli mütəxəssisi cəlb edilib.

Analoji işlər birliyin “Üzvi sintez” zavodunda da həyata keçirilir. Burada da müxtəlif boru və digər kommunikasiya xətləri demontaj olunmaqdadır.

Qeyd edək ki, proses zamanı çıxarılan avadanlıq və mexanizmlərin, boru xətlərinin və kabellərin istifadəyə yararlı hissələri çeşidlənərək qeydə alınır və xüsusi anbarlara yığılır. Yaxın gələcəkdə bərpası mümkün olmayan və günün tələblərinə cavab verməyən istehsalat sahələrinin – benzol, etilen, epixlorhidrin, qliserin və xlor sexlərinin də demontajı nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar