Azərbaycanda regionda ilk uşaq qidası istehsal edən müəssisə yaradılacaq
07 May 2011 Şənbə 18:50
Bu layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 milyon manat güzəştli kredit verilib.
Almaniya Federativ Respublikasının Bavariya Əyalətinin paytaxtı Münhen şəhərində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Bavariya Federal Torpağının İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin və ölkəmizin Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes forumu keçirilib. İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, enerji, maliyyə, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, ölkədə yeni infrastruktur obyektləri yaradılır, sahibkarlıq fəaliyyəti genişlənir, biznes və investisiya mühiti daha da yaxşılaşır.

İqtisadi inkişaf naziri alman iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla ölkə iqtisadiyyatına investisiya yatırmağa və azərbaycanlı sahibkarlarla əlaqələri daha da genişləndirməyə dəvət edib.

Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin biznes və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə təmsil etdiyi qurumun fəaliyyəti, eləcə də alman investorlar üçün maraqlı ola biləcək əməkdaşlıq sahələri barədə təqdimatlarla çıxış ediblər. Biznes forum birgə əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.

Tədbir çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti və Almaniyanın “HİPP” şirkəti arasında “Azərbaycanda uşaq qidası istehsalının təşkili ilə bağlı layihənin həyata keçirilməsi haqqında xidməti müqavilə” imzalanıb. Bu layihənin reallaşdırılması nəticəsində Azərbaycanda müasir tələblərə cavab verən uşaq qidasının istehsalı təmin olunacaq, istehsal prosesində müasir alman texnologiyası və avadanlığı tətbiq ediləcək. Layihə çərçivəsində regionda ilk uşaq qidası istehsal edən müəssisə yaradılacaq. İstehsal olunacaq məhsulların bir hissəsi ixrac olunacaq. Bu layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 milyon manat güzəştli kredit verilib.

Biznes forumda həmçinin, “Çörəkbişirmə müəssisəsi üçün avadanlığın alınması haqqında” Almaniyanın “Werner & Pfleiderer Bachverfahren Technik GmbH” şirkəti ilə Azərbaycanın “Delta Group” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Sumqayıt şəhərində gündəlik istehsal gücü 122 ton olan və 60 çeşiddə çörək istehsal etmək imkanına malik müasir standartlara cavab verən yeni istehsal sahəsi yaradılacaq. Tikiləcək yeni çörək zavodunda Almaniyanın ən son texnoloji avadanlıqları quraşdırılacaq. Ümumi dəyəri 15,4 milyon manat olan layihənin icrasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat həcmində güzəştli kreditin ayrılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 460-dan çox yeni iş yerinin yaradılması planlaşdırılır.

Nazir Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyaya səfərin sonuncu günü Bavariya Federal Torpağının Federal və Avropa Məsələləri üzrə Dövlət naziri Emiliya Müller ilə görüşüb. Görüşdə Bavariya Əyaləti ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələr aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar