Azərbaycanda balın qiyməti bahalaşa bilər
25 İyun 2011 Şənbə 22:17
Yağışlı hava şəraiti Astarada arıçılıq təsərrüfatlarına ziyan vurub.
Azərbaycanda bir neçə gün davam edən əlverişsiz hava şəraiti kənd təsərrüfatının ən rentabelli sahələrindən olan arıçılıq təsərrüfatlarına ziyan vurub. Bu, nəticə etibarı ilə Azərbaycanda bal istehsalının azalması və balın qiymətinin bahalaşmasına səbəb ola bilər.

Belə ki, bu il təmiz balın qiyməti bahalaşa bilər. Səbəbsə, əlverişsiz keçən hava şəraitidir. Builki yağmurlu hava şəraiti Astara arıçılarını çətin duruma salıb. Onlar bildirir ki, bu səbəbdən yığım mövsümü düz bir ay gecikib. Arıçılar məhsuldarlığın da aşağı düşdüyünü deyirlər.

Astara Arıçılar Assosasiyasının sədri Arif Nəzirovun may-iyun aylarında mütəmadi yağan yağışların arıçıları əsl imtahana çəkdiyini, təsərrüfütlara ciddi ziyan vurduğunu bildirir. Onun sözlərinə görə, yağışların yağması nəticəsində arının 30 faizi qırılıb: “Məhsuldarlıq da bu il çox aşağı səviyyədədir. Həmişə may ayının axırında biz süzüm edərdik. Bu il iyunun axırıdır, hələ indi süzüm edirik”.

Nəmişli hava şəraiti arıları yazda yemsiz qoymaqla yanaşı, xəstəliklərə də səbəb olub. Arıçı Əliyar Məhərrəmov deyir ki, bu il arıları çölə çıxa bilməyiblər: “Özlərinə yem tapa bilmədiklərinə görə, xəstəliklərə düçar oldular. Bizim təsərrüfatda 50 baş arı ailəmiz var. Onlardan 30 faizi qırıldılar”.

Arıçı Yaşar Ağayevi narahat edənsə çox zəhmət müqabilində az qazanc əldə etmələridir. Süzümün ilk günlərindəki nəticələr arıçıları məyus edib: “Məhsuldarlığımız keçənilkinə nisbətən 30-40 faiz aşağı düşüb. Keçən il bir ton yarım götürmüşdüksə, bu il hardasa 1 ton götürmək ümüdimiz var”.

Məhsuldarlığın qiymətə təsirsiz qalmayacağını deyən assosasiya sədri bunu xərclərinin çox olması ilə izah edir. A. Nəzirov deyir ki, məhsuldarlıq bu il çox aşağıdır: “Bunun müqabilində biz baha satmalıyıq ki, zəhmətimiz əmələ gəlsin”.

Qeyd edək ki, ötən il Astara arıçıları respublikada təşkil olunmuş sərgidə 30 tondan artıq bal satıb. Hər arı ailəsindən orta hesabla 15-18 kq bal əldə olunub. Bu il isə bu rəqəmin 8-10 kq olacağı gözlənilir. Balın qiymətinə gəlincə isə ötən mövsümdə kq-mı 15 manata satılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar