Azərbaycan Rusiyaya qaz ixrac etməyə başlayıb
01 Yanvar 2010 Cümə 15:30
Yanvarın 1-də Azərbaycandan Rusiyaya qaz ixracına başlanıb.
APA-nın şimal bürosunun məlumatına görə, bu münasibətlə Qusar rayonunun Şirvanovka kəndində tədbir keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz İxracı İdarəsinin rəisi Kamal Abbasov və Rusiyanın “Qazprom” şirkətinin Dağıstan bürosunun direktor müavini Qasan Abdurraxmanov saat 11.00-da ventili açaraq qaz ixracına rəsmi start veriblər. Qazın nəqli 2007-ci ildən fəaliyyəti dayandırılan Mozdok-Qazməmməd kəməri ilə həyata keçiriləcək.

K. Abbasov APA-ya bildirib ki, ilkin mərhələdə il ərzində 500 milyon kub/metr qaz nəql ediləcək, sonrakı illər ərzində isə bu rəqəm 1 milyard kub/metrə çatdırılacaq.

Q. Abdurraxmanov isə APA-ya açıqlamasında hələlik gün ərzində 1,5 milyon kub/metr qaz idxalının nəzərdə tutulduğunu qeyd edib. O, “Qazprom”un idxal qazını qəbul etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, ilk qazın həcminin ölçülməsi, qazın nəqlinin tənzimlənməsi məqsədilə Qusarın Şirvanovka kəndindəki “Şirvanovka” qaz ölçmə stansiyasında müasir avadanlıqlar quraşdırılıb. Burada qazın kimyəvi tərkibinə də nəzarət olunacaq. İdxal qazı ilk növbədə Dağıstanın Azərbaycanla sərhədindən Dərbəndə qədər, daha sonra isə genişlənərək digər ərazilərin əhalisinin təchizatlına sərf olunacaq.

Tədbirdə tərəflər arasında ixrac olunan qazın həcminin gələcəkdə artırılması məsələsi müzakirə olunub, iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsində ARDNŞ-lə “Qazprom” arasında qaz alğı-satqısına dair imzalanmış müqavilənin əhəmiyyəti qeyd edilib.

Xatırladaq ki, «Qazprom» ASC və «Qazprom Eksport» MMC-nin nümayəndələri təbii qazın nəqlinə dair texniki məsələlər üzrə vəziyyətlə yerində tanış olmaq üçün dekabrın 29-30-da Azərbaycanda səfərdə olub, ARDNŞ-in Qaz İxracı İdarəsinin mütəxəssisləri ilə birlikdə «Şirvanovka» qaz ölçmə stansiyasına baxış keçirərək müştərək təftiş aparıblar. Tərəflər «Şirvanovka» qaz ölçmə stansiyasının qazın Rusiya tərəfinə ötürülməsi üçün tam hazır vəziyyətdə olması və burada quraşdırılan avadanlığın beynəlxalq standartlara cavab verməsi qənaətinə gəlib, müvafiq protokol imzalayıblar.

Əlavə edək ki, ARDNŞ-lə Rusiyanın «Qazprom» şirkəti arasında Azərbaycan qazının alğı-satqısına dair müqavilə 2009-cu il oktyabrın 14-də imzalanıb. Müqaviləyə uyğun olaraq, 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayıb. Bu il Azərbaycan Rusiyaya minimum 500 mln. kubmetr qaz satmağı nəzərdə tutur. ARDNŞ prezidenti Rövnəq Abdullayev isə qaz ixracının 1 mlrd. kubmetrə kimi artırılması ilə bağlı qərar qəbul edildiyini açıqlayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar