Azərbaycan Beynəlxalq Sığorta Forumu başa çatıb
08 İyul 2011 Cümə 14:50
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq Sığorta Forumu bu gün işini başa çatdırıb.
«APA-Economics»ə verilən məlumata görə, forumun ikinci günündə həyat və şəxsi sığorta xətləri – bazarın inkişafı üçün yeni stimullar, həmçinin həyat və bank işinin sığortası mövzusu ətrafında müzakirələr aparılıb.

Tədbirdə çıxış edən «ING Holding»in Türkiyədə fəaliyyət göstərən «ING Emeklilik» törəmə şirkətinin direktoru Jetse de Vries Türkiyənin həyat sığortası və özəl pensiya fondları bazarının inkişaf tarixindən danışıb. J.Vries Türkiyədə həyat sığortası bazarının inkişafını daha çox Azərbaycan həyat sığortası bazarına uyğun gəldiyini bildirib: «Əvvəllər də Türkiyənin həyat sığortası bazarının inkişaf dinamikası Azərbaycanın sığorta bazarının inkişafı kimi olub. Lakin buna baxmayaraq, Azərbaycanda özəl pensiya fondlarının yaradılması sistemi hələ də formalaşmayıb. Azərbaycanda həyat sığortasının inkişafı və özəl pensiya fondlarının yaradılması üçün potensial imkanlar mövcuddur».

J.Vries qeyd edib ki, xarici investorları cəlb etmək, investisiyaların ölkəyə axınını sürətləndirmək üçün ilk növbədə ölkədə siyasi sabitlik olmalıdır. Belə olan halda «ING Emeklilik» həmin ölkəyə investisiya yatırmağa hazırdır: «Azərbaycanda həyat sığortasının ÜDM-də payı az olsa da, bu bazarın böyük potensial mövcuddur. Biz Azərbaycan bazarına əsasən həyat sığortası və özəl pensiya fondlarının yaradılması baxımından maraq göstəririk. Daha sonra Azərbaycanda broker şirkətləri ilə əməkdaşlıq etmək niyyətindəyik».

Tədbirdə daha sonra Rumıniya Sığorta Təlim və Məsləhət Mərkəzinin idarəetmə partnyoru Romeo Jantea inkişaf edən bazarlarda həyat sığortası seqmentinin inkişaf etdirilməsi, həmçinin bank və sığorta bazarları ilə əlaqələrin qurulması mövzusunda geniş təqdimatla çıxış edib.

Qeyd edək ki, iyulun 7-8-də Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda Avropanın «Challenge Group», «Unity Re», «Eurasia», «Best Re», «İnqosstrax», «Everest Advisors UK Ltd.», «Avrasiya Reinsurance Broker», «Brussels Broker de Asigurare SRL», «Kapital Insurance», «JSL», «Societe de Courtage», «Pioneer Insurance and Reinsurance Brokers Pvt Ltd.», «AVP Reinsurance», «Transsib Re», «MARSH» və digər sığorta və təkrarsığorta şirkətlərinin rəsmiləri iştirak edib.

Tədbirdə «İcbari sığorta», «Həyat sığortası» və «Banklar və onların sığorta bazarı ilə münasibətləri» mövzuları müzakirə olunub. Forum zamanı Azərbaycanda əhalinin əmlakının artması, ölkənin maddi-texniki potensialının möhkəmlənməsi fonunda sığorta bazarının inkişafı üçün yaradılan şərait də müzakirə predmeti olub.

Forumun təşkilatçıları rolunda Azərbaycan Sığortaçılar Assosiasiyası və Maliyyə Nazirliyi çıxış edib. ap


DOSTLARINLA PAYLAŞ:

oyunlar