Azərbaycan Belarusa Rusiyaya ödəmək üçün 200 milyon dollar borc verib?
27 İyun 2010 Bazar 03:20
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycandan borc aldığını “Euronews” telekanalına müsahibəsində deyib.
Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun Rusiyanın “Qazprom” şirkətinə olan borcunu qaytarmaq üçün pulu haradan aldığını açıqlayıb. ANS PRESS, Belarusun “BelaPAN” agentliyinə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko “Euronews” telekanalına müsabihəsində Rusiyadan iki həftə vaxt istədiyini bildirib: “Amma bizim müttəfiqlərimiz, ən yaxın adamlarımız dedilər: yox, bir gün də gözləməyəcəyik. Mən İlham Əliyevə, Azərbaycan prezidentinə müraciət etdim. O, sutka ərzində, hətta, sutkadan da tez mənə 200 milyon dollar borc verdi. Biz “Qazprom”a 187 milyon ödədik və 100 faiz hesablaşdıq”.

Aleksandr Lukaşenko bəyan edib ki, Belarusla Rusiya arasında qaz mübahisəsi bəhanədir: “Bu, vəziyyəti gərginləşdirmək üçün bəhanətir. Bu, tamamilə siyasi vəziyyətdir. Bu, siyasətdir. Burada heç bir iqtisadiyyat, maliyyə yoxdur”.

Aleksandr Lukaşenko müsaşibəni “Euronews”a iyunun 24-də verib və müsahibənin qısaldılmış forması səhəri gün qaz münaqişəsinə həsr olunmuş proqramda (“Qazprom”un mövqeyini onun rəsmi nümayəndəsi Sergey Kupriyanov açıqlayıb) yayımlanıb. Müsahibənin daha geniş variantı isə ötən axşam Belarusun “Birinci kanal”ında efirə verilib.

Qeyd edək ki, Rusiya və Belarus arasında qaz münaqişəsinin ən qaynar vaxtında-iyunun 22-də Aleksandr Lukaşenko Azerbaycan və Qazaxıstanın dövlət başçıları İlham Əliyev və Nursultan Nazarbayevlə telefonla danışıb. Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, o, Azərbaycan prezidenti İlham Əliyevi Rusiya ilə qaz məsələsində yaranmış qarşılıqlı münasibətlər, Minskin problemlə bağlı mövqeyi və yanaşması barədə məlumatlandırıb. Tərəflər müzakirə olunan məsələlərlə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Həmin gün Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri ilə görüşdə bildirib ki, “Qazprom”a olan borc ödəniləcək: “Mən bu gün dostlarımdan borc almışam və yaxın vaxtlarda biz bu pulu sizə verəcəyik. Amma acınacaqlıdır ki, bizə bir gün ərzində borc verdilər, Rusiya isə iki həftə gözləyə bilmədi”.

Aleksandr Lukaşenkonun müsahibəsi belarus telekanalında gecə saatlarında yayımlandığından, rəsmi Bakının məsələyə reaksiyası hələlik məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar