Ögeylik kompleksini necə aradan qaldırmalı?
27 Mart 2013 Çərşənbə 08:45
İkinci evlilikdə uşaqlara isti münasibət ailənin uzunömürlülüyü deməkdir.

Ögey ana filmi hamımızın yaxşı tanıdığı və həmişə də sevə-sevə baxdığı filmlərdən biridir. İnsan hissləri, ailəyə, işə, cəmiyyətə məhəbbət mövzusunda qurulan filmdə ögey ana və kiçik İsmayılın münasibətlərinin ögeylikdən doğmalığa keçməsi, tərəflərin bir-birini qəbul etmələri üçün keçdikləri sınaqlar və xoşbəxt sonluq əsas leytmotiv olaraq film boyunca keçir. Bu filmi təsadüfən yada salmadıq. Real həyatda da belədir.

Cəmiyyətin yazılmamış qanunlarına görə, boşanmış qadınların üçdə birinin, kişilərin isə üçdə ikisinin ikinci dəfə evliliyi alınır. İkinci evliliyin baş tutması isə ailədə olan uşaqların da həyatının dəyişməsinə səbəb olur. Bu dəyişikliklər yenidən bir ailədə birləşən və müxtəlif insanların böyüklərin və uşaqların bir-birinə alışmağa çalışmasından asılı olmayaraq, çətin keçir.

Bəzən isə bu proses heç alınmır. Bu, o zaman baş verir ki, boşanmış ailələrin uşaqları valideynlərdən birinin adına yapışdırılan “ögey” kəlməsi ilə yaşamalı olurlar. Uşağa qarşı qeyri-ixtiyari edilən hər hansı bir hərəkət “ögey” kəlməsini daha da ağırlaşdırır və yeni valideynlə uşaq arasında uçurum yaradır. Valideynlərin birindən ayrı düşən uşaq uzun müddət tək qaldıqda tənhalığa öyrəşir və yeni valideynə alışmağı ağrılı keçir.

Ailədə isti münasibətin, mehribanlığın yaranmasına və ailə üzvlərinin bir-birini başa düşməsinə göstərilən səylər ikinci ailədə əmin-amanlığın yaranmasına və uzun ömürlü olmasına təsir edən başlıca amildir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar