Neçə gün yas saxlamaq olar?
17 Fevral 2013 Bazar 09:16
Neçə gün yas saxlamaq olar? Karvan jurnalı oxucu suallarını cavablandırıb.
-Quran oxunduqdan sonra “sadaqallahul əliyyul əzim” və ya “sadaqallahul əzim” deyilir. Bunun mənasını bilmək istərdim. Bir də bunu demək vacibdirmi?
- “Sadaqallahul əliyyul əzim” zikri (uca və əzəmətli olan Allah düzünü söylədi) “sadaqallahul əzim” zikri isə (Əzəmətli olan Allah düzünü söylədi) mənasını verir. Belə ki, Quran oxuyan şəxs sanki Allahın dilindən danışmış olur və Onun doğru söylədiyini bir daha təsdiq edir. Quran oxunduqdan sonra bu zikri demək vacib deyil, müstəhəb (bəyənilən) əməldir.

-Nə üçün Quran ayələri nazil olduğu ardıcıllıqla yığılmayıb? Bunun bir səbəbi var?
-Surələrin hal-hazırkı ardıcıllığı üçüncü xəlifə Osman ibn Əfvanın zamanında tərtib olunmuş və hazırlanan altı nüsxə böyük şəhərlərə göndərilmişdir. Lakin sonralar da surələrin ardıcıllığında bəzi dəyişikliklər aparılmışdır. Və bundan məqsəd oxunuşu (əzbərlənməyi) asanlaşdırmaq olmuşdur. Bunu da qeyd edək ki, surələrin ardıcıllığı məna və məfhuma heç bir xələl gətirmir.

-Bəzi dua kitablarında Allahın gözəl adlarını zikr etməyin fəzilətli olduğu qeyd olunur.
- Əsmaul-hüsnanı (Allahın gözəl adlarının) sadəcə zikr etmək Allahın bizdən istədiyi deyil. İnsan Əsmaul-hüsnanı dilə gətirməklə yanaşı, həm də onları özündə yaşatmalıdır.

-Müsəlman ənənəsinə görə, neçə gün yas saxlanılmalı və nə vaxta qədər başsağlığı verilməlidir?
- Peyğəmbərimiz (s) yas məclislərini üç gün keçirməyə göstəriş verib. Başsağlığına gəldikdə isə İmam Əli (ə) bu barədə buyurur: “Üç gündən sonra başsağlığı vermək müsibəti təzələyər, üç gündən sonra kimisə təbrik etmək dostluğun dəyərini azaldar”. Dinimiz bütün işlərdə olduğu kimi yas məclislərində də həm ifrata varmağı, həm də lazım olandan artıq önəm verməməyi tövsiyə edir.

- Oxunması mümkün olmayan köhnə Quran nüsxələrini nə etmək olar? Onları yandırmaq olar?
- Xeyr, yandırmaq olmaz. Bu, Allahın kitabına qarşı böyük hörmətsizlik olar. İndi ki, saxlaya bilmirsiniz və oxunması da mümkün deyil, onları gediş-gəliş olmayan təmiz torpaqda (ağac, hasar dibi və s.) basıdırın. Bu, Quranın bütün dillərdə yazılmış nüsxələrinə aiddir. Və nəinki Quran, hətta digər dini ədəbiyyatlarla da belə rəftar etmək lazımdır.

-Quranın oxunuşu üçün qiraət və tilavət kəlmələrindən istifadə olunur. Onların mənalarını və aralarındakı fərqin nədən ibarət olduğunu bilmək istərdim. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.
-Qiraətdə də, tilavət də bizim dilə tərcümə olunduqda oxumaq mənasını verəcək. Qurana hörmət əlaməti olaraq onun oxunuşu üçün bu kimi kəlmələrdən istifadə olunur. Fərqə gəldikdə isə aralarında heç bir fərq yoxdur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar