İranda fıstıq böhranı
03 Aprel 2013 Çərşənbə 14:41
Fıstığın qiymətinin 10 qat qalxması məhsulun boykot edilməsinə səbəb olub.
İranda mart ayında qeyd edilən yeni il bayramından sonra tacirlər qeyri-adi etirazla üzləşiblər. Belə ki, iranlıların bayram süfrəsinin daimi bəzəyi olan fıstığın qiymətinin 10-qat qalxması istehlakçıların sosial şəbəkələr vasitəsilə bu məhsulun alınmasını boykot etməsinə səbəb olub.
Qeyd edək ki, fıstıq İranın neftdən sonra ikinci ən iri ixracat məhsulu hesab edilir. Fıstığa tələbat iranlıların Yeni il bayramına təsadüf edən mart ayında yüksək həddə çatır. Məhz bu dövrdə məhsulun bir kiloqramının dəyərinin 60 min İran rialından 600 min riala qalxması “Facebook” və digər sosial şəbəkələrdə istehlakçıların məhsulu boykot etmələrinə gətirib çıxarıb.
“Fıstıq çox insanın xoşladığı, amma əksər ailələrin süfrəsində olmayan bir şeydir. Bu mövzu, Yeni ildən öncə müzakirə mövzusu olub və əksəriyyət fıstıq almayacağını bildirib. Bu təşəbbüs sosial şəbəkələrdə yayılandan sonra, İnternetə çıxışı olmaya insanlar üçün mobil telefonlara messaj vasitəsilə də bildirişlər göndərilirdi”, - boykot təşəbbüskarı Mehdi Alayizadə belə deyir.
Bu boykot barəsində hətta İran dövlət televiziyası da məlumat verib. Televiziyanın araşdırmasına əsasən, sorğusu aparılan 1 milyon vətəndaşdan 87 faizi “fıstıq boykotunu” dəstəkləyib.
“Son otuz ildə ilk dəfə idi ki, bizim bayram süfrəmizdə fıstıq və onun kimi məhsullar olmayıb. Ona görə ki, biz bu məhsulları qiymətlərin artmasına görə almaqda imtina etmişik.” - deyə, Tehran sakini Həmid Purmand bildirib.
Qeyd edək ki, İran dünyada Amerika Birləşmiş Ştatlarından sonra ikinci ən iri fıstıq ixracatçısı hesab edilir. Rəsmi statistikaya əsasən, İran fıstıq ixracatından ildə təxminən 750 milyon dollar gəlir əldə edir.
DOSTLARINLA PAYLAŞ: