Azərbaycan ən varlı ölkələrin siyahısında neçəncidir?
05 İyul 2013 Cümə 23:04
Dünya Bankı ən varlı ölkələrin statistikasını açıqlayıb.
Dünya Bankı ən varlı ölkələrin statistikasını açıqlayıb. 213 dövlətdə adambaşına düşən illik milli gəliri hesablayan bank ölkələri varlılıq dərəcəsinə görə 4 kateqoriyaya bölüb.

Beynəlxalq maliyyə qurumu - illik adambaşına düşən milli gəliri 12616 dollardan yuxarı olan ölkələri I - yüksək gəlirli, vətandaşlarının milli gəliri 4086-12615 dollar olanları II- orta yüksək gəlirli, 1036-4085 dollar olanları III - orta aşağı gəlirli və ən nəhayət adambaşına düşən milli gəliri 1035 dollardan aşağı olan ölkələri isə 4 cü qrupda - yoxsul dövlətlər kimi qeydə alıb.

Reytinqə Monako Knyazlığı başçılıq edir. Bu ölkədə bir adama düşən milli gəliri 100 min dollara yaxındır. Azərbaycan isə siyahıda adambaşına düşən 6050 dollarlıq milli gəlirlə 106-cı yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, ölkəmiz ikinci kateqoriyaya yəni orta yüksək gəlirli ölkələrdən sayılır.

Lakin Azərbaycanda iqtisadi dairələr bankın açıqlamalarını birmənalı qarşılamır və düşünürlər ki, reytinq cədvəli mübahisəlidir.

Ekspert, Oqtay Haqverdiyev: “Burada gizli iqtisadiyyat nəzərə alınmayıb, alınsa gəlirin həcmi daha böyük olardı. Və biz daha yüksəkdə ola bilərdik”.

Heç paytaxt sakinləri də gəlirlərinin düzgün hesablandığına inanmır və Beynəlxalq Maliyyə Qurumu bu statistikanı birmənalı qarşılamır

Əhalinin gəlirlərini araşdırdıqlarını və bu məlumatları ölkənin hazırki sosial iqtisadi durumunu nəzərə alaraq hazırladıqlarını bəyan edən Dünya Bankının Bakı ofisi isə ANS-ə açıqlamasında bildirdi ki, rəqəmlər milli statistikaya - yəni Statistika Komitəsinin məlumatlarına uğyun hesablanıb.

Yeri gəlmişkən siyahıda bizə qonşu ölkələrdən Rusiya 12700 dollar gəlirlə 72-ci yerdə, Türkiyə 10830 dollar göstərici ilə 80-ci yerdə qərarlaşıb. Cənubi Qafqaz ölkələrindən isə Ermənistan 3720, Gürcüstan 3280 dollar milli gəlir əldə edib. Bu göstəricilərlə bu ölkələr müvafiq olaraq 132-ci və 141-ci yerdə qərarlaşıb və bizdən fərqli olaraq 3-cü qurupdadır və orta aşağı gəlirli ölkələr sayılır. Yəni onlara baxanda bizə min şükür!




DOSTLARINLA PAYLAŞ:

oyunlar