Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D2 qrupunda ikinci oyununu bu axşam Bakıda keçirəcək. APA Sport xəbər verir ki, yığmamız oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn seçməsini qəbul edəcək. Litva ilə ilk oyundan sonra Azərbaycan millisi 1 xalla turnir cədvəlində ikinci pillədədir və baş məşqçinin sözlərinə görə, liderliyə yüksəlmək üçün yalnız qələbə komandanı qane edəcək.
Baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında rəqibi kiçik hesab etmədiyini bildirib: "İkinci oyunumuza çıxacağıq. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, qalib gəlməliyik. Lixtenşteyn millisi istəkli komandadır. Onların itirəcəkləri bir şey yoxdur. Rəqibin müdafiəsini yarmalıyıq". Abbasov rəqibin ən güclü silahının əks-hücumlar olduğunu qeyd edib və komandanın son üç məşqdə məhz sonluq üzərində işlədiyini vurğulayıb. O, həmçinin Fransa və Ukrayna kimi rəqiblərdən fərqli olaraq, Millətlər Liqasında komandanın daha çox hücum etməli və dominant oynamalı olduğunu bildirib, azarkeşləri isə stadiona dəstəyə çağırıb.
Heyətlə bağlı məlumat verən baş məşqçi hücumçu Renat Dadaşovun zədə səbəbindən oyunda iştirak edə bilməyəcəyini təsdiqləyib. Digər futbolçularda isə Litva matçından qalan xırda zədələr var, lakin Abbasovun sözlərinə görə, onlar oynaya biləcək vəziyyətdədir. Milliyə dəvət almayan Zamiq Əliyevlə bağlı suala isə o belə cavab verib: "Hamısı millidə oynamaq istəyir. Bu gün onun yerində Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Amma bu o demək deyil ki, Zamiqi bəyənmirik. Sabah ona da dəvət gələ bilər".
Millinin kapitanı, 34 yaşlı yarımmüdafiəçi Emin Mahmudov isə oyunun yalnız nəticə ilə ölçüləcəyini deyib: "Mütləq qalib gəlməliyik. Gərginlik yox, məsuliyyət var. Fransa ilə matçda bizdən qələbə yox, yaxşı oyun gözləyirdilər. Burada isə yaxşı oyun yetərli deyil".
Qonaqların baş məşqçisi Konrad Fünfştük də APA Sport-a açıqlamasında Azərbaycanı favorit adlandırıb: "Azərbaycanın Litvaya qarşı son oyununu izləmişik. Onlar favoritdir. Amma biz qələbə qazanmağa gəlmişik. Kiçik ölkəyik, 40 min əhalimiz var, buna baxmayaraq hər oyunda əlimizdən gələni edirik".
Mənbə: APA Sport




Şərhlər