Vahid məktəbli forması ilə bağlı yekun qərar
07 Yanvar 2011 Cümə 17:25
V-XI sinif şagirdləri üçün məktəbli formasının seçim prosesi başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində vahid məktəbli formasının seçimində yekun qərarını elan edib. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, I-IV siniflər üçün forma müəyyənləşdirilmişdi. Onun sözlərinə görə, hazırda Bakının bütün məktəblərində ibtidai sinif şagirdlərin 90 faizdən çoxu məktəbə bu geyimdə gəlir: “Biz elan etmişdik ki, 2011/2012-ci tədris ili V-XI sinif şagirdləri üçün də vahid məktəbli geyiminə keçid ili olacaq. Artıq məktəbli formasının seçim prosesi başa çatıb”.

Zəminə Əliqızı deyib ki, vahid məktəbli formasının seçimi prosesində Valideyn-Müəllim Assosiasiyası da iştirak edib. Onun sözlərinə görə, yekun qərar belə olub ki, I-VI sinif şagirdlərinin vahid məktəbli forması bir, VII-XI sinif şagirdlərinin isə geyimi başqa cür olsun.

Beləliklə, Bakının orta ümumtəhsil məktəbləri üçün 2 növdə vahid məktəbli geyimi müəyyənləşib. Bunlardan biri I-VI, digəri isə VII-XI sinif şagirdləri üçün nəzərdə tutulur. Zəminə Əliqızı deyib ki, VII-XI sinif şagirdləri üçün vahid məktəbli geyimi forması yanvarın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçiriləcək mətbuat konfransında nümayiş etdiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar