Vakant yerlərə müəllimlərin işə qəbulu davam edir
11 Avqust 2011 Cümə Axşamı 14:29
Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada sentyabrın 10-dək başa çatacaq
Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək və sentyabrın 10-dək başa çatacaq.

Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, iyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəriciləri müvafiq meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilib. Nəticədə, 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.

Hazırda namizədlər müsabiqənin II mərhələsi üzrə test imtahanında iştirak edirlər. İyulun 26-dan namizədlər Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində xüsusi qrafik əsasında ayrı-ayrı ixtisaslar üzrə elektron imtahan verirlər.

Qeyd edək ki, ibtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yerə qarşı (23-ü Bakı, digərləri respublikanın rayonları) 1722 nəfər ərizə verib. Eyni zamanda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də ərizə verənlərin sayı çox olub.

İbtidai sinif müəllimi ixtisası üzrə iyulun 26-dan iyulun 30-dək davam edən imtahanlarda 1244 iddiaçı iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 77 nəfər işə qəbul olunub. Vakant qalmış 33 yer keçid balı toplamış, lakin qəbul olunmamış müəllimlərə təklif edilib. Hazırda ibtidai sinif müəllimi ixtisası üzrə vakant qalmış 33 yerə ərizə qəbulu davam edir.

Avqustun 1-dən isə ingilis dili ixtisası üzrə imtahanlara başlanılıb. Qeyd edək ki, bu ixtisas üzrə 241 vakant yerə qarşı (onlardan 68-i Bakı şəhərindəndir) 1529 nəfər imtahana buraxılıb.
Avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmək istəyən 1389 nəfər imtahan verib. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandırıb və imtahan başa çatan kimi topladığı balı öyrənib. Nəticələr avqustun 12-də məlum olacaq.

Növbəti imtahan avqustun 12-də kimya müəllimi işləmək istəyənlər üçün nəzərdə tutulub. Daha sonra isə tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.