Türkiyədə magistratura təhsili
27 May 2009 Çərşənbə 17:00
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009-2010-cu tədris ili üçün Türkiyə Respublikası universitetlərinin magistratura pilləsinə tələbə qəbulu elan edib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə universitetlərinin magistraturasına Azərbaycanın ali məktəblərinin bakalavr pilləsini bitirmiş və ya cari ildə bakalavr pilləsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2009-cu il tarixinə yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan Azərbaycan vətəndaşları qəbul oluna bilərlər. Magistratura pilləsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.

Mayın 3-də keçirilmiş test imtahanının nəticəsinə görə ikinci mərhələyə buraxılmış, Türkiyə universitetlərinin magistraturasına qəbul olunmaq istəyən, lakin “Bakalavrın elektron ərizəsi”ni TQDK-da təşkil olunmuş Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməmiş bakalavrlar bakalavr haqqında arayışı və hərbi xidmətdən möhlət haqqında sənədi 1-13 iyun tarixlərində SQK-ya təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra onlar Azərbaycanın ali məktəblərinin magistr ixtisaslarının kodları ilə yanaşı, Türkiyə universitetlərinin magistr ixtisaslarının kodlarını da elektron ixtisas seçimi ərizəsində göstərib təsdiq edə bilərlər.

Türkiyə universitetlərinin magistr ixtisaslarına müsabiqə Azərbaycanın ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaq.

Türkiyə universitetlərinin magistratura pilləsində təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları imtahanın nəticələri elan olunduqdan sonra üç gün ərzində Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.

Türkiyə universitetlərinin magistratura pilləsinə qəbul olunanlar bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə Türkiyənin Yüksək Öyrətim Kurulu tərəfindən seçdikləri ixtisaslara uyğun olaraq ali məktəblərə yerləşdiriləcəklər.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar