TQDK ödəmə kartlarının elektron satış xidmətini yaradıb
06 May 2009 Çərşənbə 12:55
Kredit kartına malik olan hər bir vətəndaş bu sistemdən istifadə etməklə ödəmə kartını əldə edə bilər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni xidmət yaradıb. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, TQDK ödəmə kartlarının elektron satışına imkan yaradıb. Belə ki, “Visa/Visa Electron”  və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə - tqdk.gov.az/virtualkart/ yaradılıb.  İstifadəçi internet vasitəsilə həmin linkə daxil olaraq əldə etmək istədiyi ödəmə kartının  (“Ali və orta ixtisas məktəblərinə ərizə qəbulu üçün” və ya “Sınaq imtahanlarına yazılmaq üçün”) növünü,  plastik kartının növünü seçir və "İrəli" düyməsini basır. Bu əməliyyat bank əməliyyatı olduğuna görə səhifədə yazılan "Əməliyyatın məxfi kodu"nu yadda saxlamaq tələb olunur. Plastik karta aid məlumatları da daxil etdikdən sonra istifadəçiyə ödəmə kartının seriya nömrəsi və pin kodu (iş nömrəsi və şifri) təqdim olunur və o, adi qaydada həmin kartdan istifadə etmək imkanı qazanır.
Beləliklə, kredit kartına malik olan hər bir vətəndaş bu sistemdən istifadə etməklə TQDK-nın ödəmə kartını əldə edə bilər. Artıq ödəmə kartı almaq üçün hər hansı satış mərkəzinə üz tutmağa ehtiyac qalmır. Bu sistemin digər bir üstünlüyü xidmətdən istifadə üçün əlavə haqq tələb olunmaması, eləcə də günün istənilən vaxtında, ev və ya iş şəraitində rahatlıqla istifadə imkanı yaratmasıdır.
Bu xidmət növündən istifadə zamanı abonentlərə aid olan məlumatların məxfiliyi, təhlükəsizliyi də tamamilə təmin olunur. Belə ki, on-line ödəmələri həyata keçirən “Golden Pay” sisteminə “Visa” və “MasterCard” tərəfindən nəzarət edilir.  Sistem “Verified by Visa” və ”MasterCard SecureCode” lisenziyalarını əldə edib. Təhlükəsizliyin artırılması məqsədilə “VerSign SSL” şifrələməsi də tətbiq edilir.
Əlavə məlumatı www.tqdk.gov.az/virtualkart/ internet səhifəsindən əldə etmək olar./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar