Tələbələr haqqında jurnal dərc olunub
06 Dekabr 2010 Bazar Ertəsi 12:45
Qəbul imtahanlarında daha uğurlu nəticə göstərən gənclər haqqqında məlumat “Abituriyent” jurnalında yer alıb
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 2010-cu ildə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclər haqqında məlumatlar dərc edib. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Abituriyent” jurnalının jurnalının 11-ci sayında qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatlar nəşr edilib. Bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir. Yüksək bal toplamış gənclər arasında respublikanın əksər regionlarının, əhalinin bütün sosial təbəqələrinin təmsilçiləri var.

Qeyd edək ki, bu il respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 1384 abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 7 nəfər maksimal nəticə (700bal) əldə edib. Ən yüksək nəticə göstərmiş 102 gəncə Azərbaycan Respublikası Prezidentinin 08.09.2010-cu il tarixli Sərəncamı ilə Prezident təqaüdü təyin edilib.

Prezident təqaüdçülərinin 23 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 15 nəfəri Bakı Dövlət Universitetinin, 25 nəfəri “Qafqaz” Universitetinin, 7 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 3 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 1 nəfəri Azərbaycan Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələridir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar