Tələbə və məzunlar üçün Əmək Yarmarkası keçirilib
13 May 2011 Cümə 17:37
Tələbə və məzunlar üçün Əmək Yarmarkası keçirilib. “Karyerada ilk addım” yarmarkası iştirakçıları arasında “Azercell Telekom” MMC də olub.
Qafqaz Universitetində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında Əmək Yarmarkası keçirilib. “Azercell Telekom”un mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən təşkil olunan tədbirə 89 yerli və beynəlxalq şirkət qatılıb. Bu müəssislər tədbirdə 187 boş iş yeri təqdim edib.

Yarmarkanın məqsədi gənclərə iş tapmaqda yardımçı olmaq, onların karyera ilə bağlı planlarını reallaşdırmağa kömək etməkdən ibarətdir. Məzunların iş probleminin həllində böyük rol oynayan bu yarmarkalar 1997-ci ildən etibarən həyata keçirilir və hər il onlarla şirkət iştirak edir, yüzlərlə vakant yer élan olunur.

Hər il olduğu kimi bu dəfə də Qafqaz Universitetində təşkil olunan yarmarka iştirakçıları arasında “Azercell Telekom” MMC olub. Yarmarkanın açılış mərasimində “Azercell”in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə çıxış edərək bu ənənəvi tədbirlərin əhəmiyyətindən danışıb. O, “Azercell”in gənclər üçün təqdim etdiyi karyera imkanlarından da söz salıb: “Stendimizdə siz bu sahədə xeyli yararlı məlumatlara tanış ola biləcəksiniz. Burada həmçinin hazırda tələbələr üçün keçirilən Yay təcrübə proqramı haqqında da informasiya ala bilərsiniz”.

Ülviyyə Həsənzadə hazırda “Azercell” şirkətinin İKT üzrə mütəxəssislərinin Qafqaz Universitetində dərs dediklərini də xatırladaraq, bu ali təhsil müəssəsi ilə şirkətin davamlı əməkdaşlığı haqqında bəhs edib.

Əmək Yarmarkasında “Azercell”in stendində şirkətdə işə düzəlməyin şərtləri, bunun üçün hansı sənədlərin tələb olunması, tələbələr üçün hansı proqramların aparılması və s. haqqında ətraflı məlumat yerləşdirilib. Bundan əlavə, “Azercell”in İşə Qəbul üzrə nümayəndələri də yarmarka iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi 2007-ci ildən etibarən Bakı, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərinin ali təhsil ocaqlarında “Karyerada ilk addım” devizi altında bu cür yarmarkalar təşkil edir. Nəticədə hər il təxminən 500 gənc işlə təmin olunur, həm də onların müvəqqəti işlərlə təmin olunmasına yardım göstərilir.

"Azercell" artıq 5 ilə yaxındır ki, istedadlı gənclərin işlə təmin olunması istiqamətində müxtəlif proqramlar həyata keçirir. Hazırda tələbələr üçün Yay təcrübə proqramı, Təqaüd proqramları fəaliyyət göstərir. Bundan əlavə, şirkətdə Karyera günləri keçirilir və işə qəbul prosesi ilə daha yaxından tanış olmaq imkanı yaradılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar