Sınaq imtahanlarına yazılış başlanır
14 Mart 2011 Bazar Ertəsi 10:54
Abituriyentlər üçün sınaq imtahanları aprelin 3-də və 10-da olacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sınaq imtahanlarına yazılışı başalayır. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, növbəti sınaq imtahanları aprelin 3-də və 10-da olacaq. Bu imtahanlarda yeni – 2 nömrəli test kitabçalarından istifadə olunacaq. Həmin imtahanda iştirak etmək istəyən abituriyentlər martın 15-dən saat 11:00-dan etibarən Komissiyanın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/sinaq) daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar. Həmin səhifədə imtahanların keçiriləcəyi yerlərin siyahısı göstəriləcək.

Qeyd edək ki, ödəmə kartlarını TQDK-nın “Abituriyent” satış köşkündən (Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17), TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.

Abituriyentlər ödəmə kartlarını elektron formada da əldə edə bilərlər. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər.

Sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar