Rusiya səfiri Azərbaycan Dillər Universitetində olub
13 Fevral 2010 Şənbə 14:30
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri müzakirə olunub. Bildirilib ki, iki ölkə arasındakı dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır və hazırkı dövrdə də bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. İkitərəfli münasibətlərdə mədəniyyət, elm və təhsil sahəsinin xüsusi önəm daşıdığını bildirən Səməd Seyidov ADU-da müxtəlif xalqların mədəniyyətini tədqiq edən mərkəzlərin fəaliyyət göstərdiyini söyləyib.
Vladimir Doroxin ADU-nun İnformasiya Resurs Kompleksində tələbələr ilə görüşüb. Rusiya haqqında slayd göstərildikdən sonra bu ölkənin mədəniyyətini əks etdirən folklor nümunələri nümayiş etdirilib və rus xalq rəqsləri ifa olunub.
V. Doroxin Azərbaycan mədəniyyətinin zənginliyindən söz açaraq Müslim Maqomayev, Polad Bülbüloğlu və Rəşid Behbudov kimi dahi sənətkarların mahnılarının rus xalqı tərəfindən çox sevildiyini, Azərbaycan xalqının zəngin mədəniyyətə malik ölkə olduğunu deyib: “Azərbaycan xalqında olan böyüklərə, qadınlara və uşaqlara diqqət və sevgi məni heyran edir”.
Sonra səfir tələbələri maraqlandıran sualları cavablandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar