Özəl ali məktəblərdə dövlət hesabına təhsil imkanı
13 Fevral 2010 Şənbə 10:40
Bu prezidentin imzaladığı fərmana uyğun olaraq həyata keçiriləcək
Bundan sonra özəl ali məktəblərə qəbul olunan abituriyentlər ödənişsiz, dövlət hesabına təhsil almaq şansı qazanacaq. Bunu Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev ANS-ə müsahibəsində bəyan edib. Onun sözlərinə görə, bu, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi" barədə prezident İlham Əliyevin imzaladığı fərmana uyğun olaraq həyata keçiriləcək. Belə ki, hökumət hazırda əmək bazarında daha çox ehtiyac duyulan ixtisas sahələrini müəyyənləşdirəcək. Abituriyent qəbul imtahanında qəbul olunduğu ixtisas üzrə özünün seçdiyi ali məktəbdə təhsil ala biləcək. Dövlət bu tələbəyə vauçer verərək, onun təhsilinin dəyəri qədər ali məktəbə vəsait ayıracaq.

“Bizim ali məktəblərdə arxayınçılıq yaranıb ki, kadr hazırlığının keyfiyyətini yüksəltməsək də dövlət tərəfindən hər il vəsait ayrılacaq. Amma indi əgər abituriyent hansısa ali təhsil müəssisəsini seçmirsə və orada oxumaq istəmirsə, deməli o müəssisə dövlətin vauçerini qazana bilməyəcək”, deyə Şahrza Əliyev qeyd edib.

Təhsil Nazirliyinin hesablamalarına görə, hazırda ildə dövlət hər bir tələbəyə 2 min manat xərc çəkir. Amma bundan sonra bu rəqəm yenidən hesablanacaq. Şöbə müdirinin sözlərinə görə, bu normativ məbləğ bir rəqəm olmayacaq.

“Məsələn filologiya ixtisası üzrə 2200, hüquqşünaslıq ixtisası üzrə 2400, kimya üzrə 2800 manat ola bilər. Hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla normativ məbləğlər müəyyənləşəcək”, deyə Ş. Əliyev bildirib.

Yeni qaydalar 2010-2011-ci tədris ilindən işə düşəcək və ancaq ali məktəblərə bu il qəbul olunacaq abituriyentlərə şamil olunacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə yeni maliyyələşmə mexanizminin ali məktəblərə qəbul formasına heç bir təsiri olmayacağını bildirib. Qəbul imtahanları həmişəki kimi keçiriləcək, sadəcə ödənişsiz ixtisaslara qəbul olunanların əlavə şansları olacaq. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ANS-ə açıqlamasında bildirib ki, yeni mexanizm imkan verəcək ki, dövlət əmək bazarında ehtiyac duyulan, lakin populyar olmayan ixtisaslara, məsələn baytar ixtisasına abituriyent cəlb edə bilsin. Amma yeni sistemin bütün təfərrüatları 2 aydan sonra bilinəcək.

Hələlik yeni mexanizmlərlə bağlı Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və İqtisadi İnkişaf Nazirliyi birgə iş aparır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar