Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib
20 İyun 2010 Bazar 16:45
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib. İmtahan Bakı və Naxçıvan şəhərlərində baş tutub.
TQDK iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar bu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq edib.

Proqram seçimində mayın 2-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən 6 min 500-dən çox bakalavr (ümumi balı 50-dən az olmayan bakalavrlar) iştirak edib. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi aparacaqlar.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, imtahanın birinci mərhələsində bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün tələb olunan müsabiqə şərtləri ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar